Odlar.media xəbər verir ki, jurnalist Fəridə Aslanova oğlu Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına qəbul olunması ilə bağlı sevincini Odlar.Media saytıyla bölüşüb.
Fəridə Aslanova bildirib ki, oğlu Dövlət İmtahan Mərkəzinin imtahanlarında kifayət qədər bal toplasa da, məhz Seçenov Universitetinin Bakı filialını seçib və bunun üçün universitetin daxili imtahanından da uğurla keçib.
Jurnalist qeyd edib ki, övladının ali məktəbə qəbul prosesi onun üçün də kifayət qədər həyəcanlı və yorucu olub:
“Bu gün mən ikinci dəfə tələbə anası oldum. Oğlum Seçenov adına Tibb Universitetinin Bakı filialına qəbul olundu.
O, Dövlət İmtahan Mərkəzinin imtahanlarında kifayət qədər bal toplasa da, məhz bu universiteti seçdi və hətta bunun üçün əlavə olaraq universitetin daxili imtahanından da uğurla keçdi.
Bircə onu bilirəm ki, bu imtahanlar az qala yeddi iliyimi geri saldı. Bəlkə indən belə özümə gələm”, – deyə Fəridə Aslanova yazıb.
Jurnalist ali məktəbə qəbul prosesinin yalnız abituriyentin deyil, bütün ailənin yaşadığı böyük bir həyəcan olduğunu vurğulayıb:
“Bütün varlığımla anlayıb dərk edirəm ki, ali məktəbə qəbul imtahanını təkcə abituriyentlər vermir. Bir nəfərlə iş bitmir. Bütün ailə, qohum-əqrəba, tanış-biliş hamısı eyni anda bu həyəcanı yaşayır”.
Fəridə Aslanova övladını imtahanlara aparıb-gətirərkən digər valideynlərlə etdiyi söhbətlərdən də bəhs edib. Onun sözlərinə görə, bu söhbətlər zamanı ölkədə elmə və təhsilə böyük maraq göstərən, məqsədli və savadlı gənclərin çox olduğunu müşahidə edib.
Jurnalist paylaşımında bəzi valideynlərin övladlarının İtaliya, Almaniya və Türkiyədə təhsil almasından, xarici universitetlərdə oxuyub təcrübə keçməsindən danışdığını qeyd edib. O, belə gənclərin uğurlarının ölkə adına qürurverici olduğunu bildirib.
Fəridə Aslanova paylaşımının sonunda bütün övladlara uğurlar arzulayıb:
“Allah bütün övladların yolunu açıq etsin, arzularını gerçəkləşdirsin. Mənim övladlarıma da, bütün gənclərimizə də elm yolunda uğurlar arzulayıram!”
Biz də Odlar.media olaraq Fəridə Aslanovanı və həyat yoldaşını təbrik edir, övladlarına ali təhsil yolunda uğurlar arzulayırıq!
Mənbə: Odlar.media
