🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 04:58   •   🌡️ Bakı

Paşinyan: Ermənistan üçün Aİİ-yə alternativ olaraq Aİ üzvlüyü hazırda real deyil

Odlar.media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hazırda ölkəsi üçün Avrasiya İqtisadi İttifaqına (Aİİ) alternativ kimi Avropa İttifaqına (Aİ) üzvlük variantının mövcud olmadığını bəyan edib.
Paşinyan bu fikirləri Qırğızıstanda keçirilən Aİİ Hökumətlərarası Şurasının iclasında çıxışı zamanı səsləndirib.
Baş nazir bildirib ki, Ermənistan Aİİ və Avropa İttifaqına eyni vaxtda üzv olmağın mümkün olmadığını anlayır. Onun sözlərinə görə, Aİ-yə inteqrasiyaya dair qanunun qəbul edilməsi yalnız ölkənin gələcəkdə Avropa İttifaqına üzv olmaq perspektivinə malik olduğunu göstərir.
Paşinyan qeyd edib ki, Ermənistan gələcəkdə Aİ üzvlüyünə hazır olsa belə, bu, avtomatik şəkildə üzvlük anlamına gəlmir. Bunun üçün həm Avropa İttifaqına üzv dövlətlərin yekdil razılığı, həm də Ermənistan vətəndaşlarının dəstəyi tələb olunur.
Baş nazir vurğulayıb ki, zəruri institusional hazırlıq görülmədən, Aİ-yə rəsmi üzvlük ərizəsi təqdim edilmədən və namizəd ölkə statusu əldə olunmadan bu məsələ ilə bağlı referendum keçirmək məqsədəuyğun deyil.
“Bu, vətəndaşları mövcud olmayan alternativlər arasında seçim qarşısında qoymaq deməkdir. Bu isə xalqa qarşı hörmətsizlik və legitim olmayan addım olardı”, – deyə Nikol Paşinyan bildirib.