Odlar.media xəbər verir ki, Prezident İlham Əliyev nəqliyyat, rabitə və dövlət əmlakının idarə olunması sahələrində bir sıra mühüm dəyişiklikləri nəzərdə tutan fərmanlar imzalayıb.
Dəyişikliklərə əsasən, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) səlahiyyətləri genişləndirilir, “Azərkosmos”, “Azərbaycan Hava Yolları” (AZAL) və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) kimi strateji qurumların idarəetmə mexanizmləri təkmilləşdirilir.
Yeni fərmana əsasən, “Azərkosmos”un İdarə Heyəti sədrinin müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi səlahiyyəti AZCON-a verilir. Eyni zamanda, qanunvericilikdə təsisçinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin də həlli AZCON tərəfindən həyata keçiriləcək.
Sənədə əsasən, AZCON-un Nizamnaməsinə də dəyişiklik edilir. Holdinqə idarəetməsində olan müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması ilə bağlı yeni səlahiyyət verilir.
Fərmanla AZAL və ASCO-da da yeni idarəetmə modeli tətbiq olunur. Hər iki qurumda ümumi yığıncağın səlahiyyətləri Prezident və AZCON arasında bölüşdürülür. Prezident cəmiyyətlərin yenidən təşkili, ləğvi, icra orqanının yaradılması, həmçinin İdarə Heyəti üzvlərinin təyin və vəzifədən azad edilməsi səlahiyyətini özündə saxlayır.
AZAL-da sədr də daxil olmaqla 7 nəfərlik Müşahidə Şurası yaradılır və qurumun cari fəaliyyətinə sədr və 6 müavindən ibarət İdarə Heyəti rəhbərlik edəcək.
ASCO-da isə sədr daxil olmaqla 5 nəfərlik Müşahidə Şurasının yaradılması nəzərdə tutulur. Cəmiyyətin cari idarəçiliyini isə sədr və onun 6 müavinindən ibarət İdarə Heyəti həyata keçirəcək.
Bununla yanaşı, Prezident “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da dəyişiklik edib. Dəyişikliklərə əsasən, strategiyanın bir sıra müddəalarında Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) əsas icraçı qurumlardan biri kimi nəzərdə tutulur.
Prezident İlham Əliyev eyni zamanda dövlət əmlakının özəlləşdirilməsi, yerli icra hakimiyyətlərinin fəaliyyəti, dövlət borcalması və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətlərini tənzimləyən bir sıra fərmanlarda da dəyişiklik edib.
Yeni dəyişikliklərlə AZCON-un dövlət müəssisələri, dövlət payı olan təsərrüfat cəmiyyətləri və publik hüquqi şəxslərin idarə olunması, borclanması və özəlləşdirilməsi proseslərində rolu daha da genişləndirilir.
