🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 05:31   •   🌡️ Bakı

Sibiqa: Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlıq daha da möhkəmlənir

Odlar.media xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa azərbaycanlı həmkarı Ceyhun Bayramovu Ukraynaya ilk səfəri çərçivəsində qəbul etməkdən məmnun olduğunu bildirib.

Nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edərək görüş zamanı ikitərəfli və beynəlxalq gündəlikdə duran əsas məsələlərin müzakirə olunduğunu qeyd edib. Onun sözlərinə görə, tərəflər regional təhlükəsizlik, davamlı sülhə nail olunması istiqamətində görülən işlər, iqtisadi və enerji sahəsində əməkdaşlıq, eləcə də Azərbaycanın Ukraynanın bərpasına verdiyi dəstək barədə fikir mübadiləsi aparıblar.

Andrey Sibiqa vurğulayıb ki, keçirilən görüş Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsi istiqamətində növbəti mühüm addımdır.

“Yüksək səviyyəli müntəzəm təmaslar, praktiki əməkdaşlıq və ikitərəfli gündəliyin genişləndirilməsi istiqamətində qarşılıqlı iradə sayəsində dialoqumuz aktiv və məzmunlu olaraq qalır”, – deyə o bildirib.

Ukraynalı nazir, həmçinin hərbi əməliyyatların ilk günlərindən etibarən Azərbaycanın göstərdiyi humanitar yardıma görə təşəkkürünü ifadə edib. O, xüsusilə Ukraynanın enerji dayanıqlığının gücləndirilməsi, kritik infrastrukturun bərpası və yenidənqurma layihələrinə verilən dəstəyi yüksək qiymətləndirib.

Sibiqa qeyd edib ki, Ukrayna Azərbaycanın ölkəsinin suverenliyi və ərazi bütövlüyünə verdiyi ardıcıl dəstəyi yüksək dəyərləndirir. Onun sözlərinə görə, rəsmi Kiyev də eyni şəkildə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləmək öhdəliyinə sadiqdir.

“Səmərəli müzakirələrə görə təşəkkür edirəm, əziz Ceyhun! Əminəm ki, dostluğumuz, qarşılıqlı etimadımız və strateji tərəfdaşlığımız ölkələrimizin və xalqlarımızın rifahı naminə inkişaf etməyə davam edəcək”, – deyə Andrey Sibiqa paylaşımında vurğulayıb.