Odlar.media xəbər verir ki, Avropa ilə Asiya arasında Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində Xəzər dənizinin dibi ilə ilk fiber-optik kabelin çəkilməsi uğurla başa çatıb.
Layihə “AzerTelecom” və “Kazakhtelecom” şirkətləri tərəfindən icra olunan Trans-Xəzər Fiber-Optik Kabel Xətti layihəsi çərçivəsində reallaşdırılıb. Sumqayıt şəhərindən Azərbaycanın sahillərindən Qazaxıstanın Aktau şəhərinə qədər uzanan 380 kilometrlik sualtı fiber-optik kabel xətti xüsusi avadanlıqla təchiz edilmiş gəmi vasitəsilə Xəzər dənizinin dibi ilə təhlükəsiz və dayanıqlı marşrut üzrə yerləşdirilib.
“AzerTelecom” şirkətinin Direktorlar Şurasının sədri Emil Məsimov bildirib ki, Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilməsi “Rəqəmsal İpək Yolu” layihəsinin əsas komponentlərindən biridir. Onun sözlərinə görə, layihənin texniki baxımdan ən mürəkkəb tərəfi Xəzər dənizinin dibi ilə belə bir infrastrukturun ilk dəfə yaradılması olub.
“Bu mərhələnin uğurla tamamlanması yaxın zamanda Xəzər dənizi üzərindən Avropa ilə Asiya arasında trafik mübadiləsinin başlanmasına imkan verəcək”, – deyə Emil Məsimov vurğulayıb.
Hazırda kabel xəttinin sahilyanı infrastrukturla inteqrasiyası və yerüstü infrastrukturun tikintisi istiqamətində işlər davam etdirilir. Layihənin 2026-cı ilin sonunadək tam istifadəyə verilməsi planlaşdırılır.
Xəzər dənizində yaradılan ilk sualtı rəqəmsal marşrut 400 terabit/s-dən çox yüksəksürətli internet bağlantısını təmin edəcək, böyük həcmdə məlumat mübadiləsinə şərait yaradacaq və regionda rəqəmsal xidmətlərin inkişafına mühüm töhfə verəcək.
Trans-Xəzər Fiber-Optik Kabel Xətti “Rəqəmsal İpək Yolu” layihəsinin əsas hissələrindən biri hesab olunur. Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Bolqarıstan ərazilərindən keçəcək bu rəqəmsal telekommunikasiya dəhlizi yüksək ötürmə qabiliyyəti və minimal gecikmə ilə Avropa ilə Asiya arasında ən qısa və səmərəli məlumat mübadiləsi marşrutlarından birini formalaşdıracaq. Layihənin region ölkələri arasında əməkdaşlığın genişlənməsinə və dayanıqlı rəqəmsal inkişafın sürətlənməsinə mühüm töhfə verəcəyi gözlənilir.
Qeyd edək ki, “AzerTelecom” regionun aparıcı beynəlxalq magistral operatorlarından biri olmaqla internet trafikinin topdansatışı, tranziti və transmissiyası üzrə xidmətlər göstərir. Şirkət beynəlxalq “NEQSOL Holding” qrupuna daxil olan “Azerconnect Group”un tərkibində fəaliyyət göstərir.
“Kazakhtelecom” isə Qazaxıstanın ən böyük telekommunikasiya operatoru kimi sabit telefon, genişzolaqlı internet, rəqəmsal televiziya, mobil rabitə və digər telekommunikasiya xidmətləri təqdim edir.
