🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 06:15   •   🌡️ Bakı

Deputat: Müəllimlərin maaşı şagirdlərin uğurlarına görə də diferensiallaşdırıla bilər

Odlar.media xəbər verir ki, məktəblərdə tamştatlı əməkhaqqı sisteminə keçidlə bağlı aparılan müzakirələr müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi üçün yeni yanaşmaları gündəmə gətirib.
Milli Məclisin deputatı Elnarə Akimova Modern.az-a açıqlamasında bildirib ki, tamştatlı əməkhaqqı sistemi ilk baxışdan yalnız maaş mexanizminin dəyişdirilməsi kimi görünsə də, əslində müəllim peşəsinə yanaşmanın yenilənməsi deməkdir. Onun sözlərinə görə, bu model müəllimin təkcə dərs saatına görə deyil, həm də məktəbin ümumi fəaliyyətinə, şagirdlərin inkişafına və təhsil mühitinin formalaşmasına verdiyi töhfənin daha obyektiv qiymətləndirilməsinə imkan yarada bilər.
Deputat qeyd edib ki, müəllimin peşəkarlığını göstərən əsas göstəricilərdən biri onun yetişdirdiyi şagirdlərin uğurlarıdır. Respublika və beynəlxalq fənn olimpiadalarında əldə olunan nailiyyətlər, ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr, elmi layihələr, startap müsabiqələri və digər intellektual platformalarda qazanılan uğurlar müəllimin uzunmüddətli əməyinin real göstəricisi hesab oluna bilər.
Elnarə Akimovanın fikrincə, nəticəyönümlü qiymətləndirmə müəllimlər arasında sağlam rəqabət mühiti formalaşdıracaq, onları hər bir şagirdin potensialını üzə çıxarmağa, müasir tədris metodları və texnologiyalarından daha səmərəli istifadə etməyə təşviq edəcək.
Bununla yanaşı, deputat vurğulayıb ki, diferensial əməkhaqqı sistemi yalnız qəbul imtahanlarının nəticələrinə əsaslanmamalıdır. Onun sözlərinə görə, məktəbin əsas missiyası təkcə universitetə abituriyent hazırlamaq deyil, həm də vətəndaş, şəxsiyyət və milli-mənəvi dəyərlərə bağlı insan yetişdirməkdir.
Deputat hesab edir ki, qiymətləndirmə zamanı müəllimin peşəkar inkişafı, sertifikatlaşdırma nəticələri, şagirdlərin ümumi bilik səviyyəsindəki irəliləyiş, olimpiada və müsabiqələrdə qazandıqları uğurlar, innovativ layihələrdə iştirakı, rəqəmsal bacarıqları, məktəbin ictimai həyatındakı fəallığı, valideynlərlə əməkdaşlığı və inklüziv təhsilə verdiyi töhfə də nəzərə alınmalıdır.
Elnarə Akimova əlavə edib ki, müəllimlərin fəaliyyət göstərdikləri şərait də qiymətləndirmə mexanizminin mühüm elementi olmalıdır. Onun sözlərinə görə, şəhər və ucqar kənd məktəblərinin imkanları eyni olmadığından qiymətləndirmə sistemi fəaliyyət mühitini nəzərə almalı və müəllimlər arasında ədalətsiz rəqabət yaratmamalıdır.
Deputatın fikrincə, tamştatlı əməkhaqqı sistemi tətbiq edilərkən nəticəyönümlü diferensial əməkhaqqı modelinin də mərhələli şəkildə formalaşdırılması məqsədəuyğundur. O bildirib ki, belə bir model müəllimin peşə fəaliyyətini, şagirdin inkişafını və məktəbə verdiyi töhfəni əhatə edən obyektiv və şəffaf qiymətləndirmə mexanizmi əsasında qurulmalı, nəticədə həm müəllim peşəsinin nüfuzunun yüksəlməsinə, həm də Azərbaycan təhsilinin keyfiyyətinin artırılmasına xidmət etməlidir.