Odlar.media xəbər verir ki, Milli Məclisin deputatı Elnarə Akimova sosial şəbəkələrdə yaş məhdudiyyətinin tətbiqi ilə bağlı qanun və onun icrası məqsədilə imzalanan Fərmanı yüksək qiymətləndirərək, bu qərarın əsas hədəfinin uşaqlar və yeniyetmələr üçün daha təhlükəsiz rəqəmsal mühitin yaradılması olduğunu bildirib.
Deputat Odlar.media-ya açıqlamasında qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı Fərmanın ən mühüm üstünlüyü sosial şəbəkələri qadağan etmək deyil, azyaşlıların rəqəmsal məkanda təhlükəsizliyini təmin etmək məqsədi daşımasıdır.
Onun sözlərinə görə, hazırda sosial şəbəkələrdə zorakılıq, kibertəzyiq, narkotik vasitələrin və digər zərərli vərdişlərin təbliği, aqressiv davranış nümunələri, eləcə də manipulyativ məzmunlar uşaqların və yeniyetmələrin psixoloji inkişafına mənfi təsir göstərir. Yaş məhdudiyyətinin tətbiqi məhz bu risklərin minimuma endirilməsinə xidmət edir.
Elnarə Akimova vurğulayıb ki, beynəlxalq təcrübə də uşaqların rəqəmsal təhlükəsizliyinin dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildiyini göstərir. Bir çox ölkələrdə yaş məhdudiyyəti, valideyn nəzarəti və hüquqi mexanizmlərin gücləndirilməsi istiqamətində addımlar atılır. Deputatın fikrincə, Azərbaycanın bu sahədə qəbul etdiyi qərar da qlobal çağırışlara uyğun və vaxtında atılmış addımdır.
Odlar.media
