🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 04:59   •   🌡️ Bakı

Hikmət Hacıyev: Azərbaycan ərazisindən qonşu ölkələrə qarşı heç vaxt istifadə olunmasına imkan verilməyəcək

Odlar.media xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev regiondakı geosiyasi vəziyyətin mürəkkəb olduğunu bildirib.
Türkiyənin “Milliyet” qəzetinə müsahibəsində danışan Hikmət Hacıyev qeyd edib ki, Azərbaycanın yerləşdiyi region hazırda ciddi geosiyasi gərginliklə üz-üzədir.
“Bakının təxminən 200 kilometr cənubunda İran, ABŞ və İsrail arasında müharibə gedir. Şimal istiqamətində isə Rusiya-Ukrayna müharibəsi davam edir. Bu amillər regionumuzda təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirir”, – deyə o vurğulayıb.
Prezidentin köməkçisi Azərbaycanın guya “Mossad” tərəfindən istifadə edilməsi ilə bağlı səsləndirilən iddialara da münasibət bildirib. O, rəsmi Bakının İranı qardaş ölkə hesab etdiyini və bu cür iddiaların həqiqəti əks etdirmədiyini deyib.
Hikmət Hacıyevin sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi dövlət siyasətinin əsas prinsiplərindəndir və ölkə heç vaxt öz ərazisindən qonşu dövlətlərə qarşı hər hansı müdaxilə məqsədilə istifadə olunmasına icazə verməz.
O bildirib ki, Araz çayının o tayında yaşayan insanlar milliyyətindən və dinindən asılı olmayaraq Azərbaycan üçün doğmadır. Bu səbəbdən də onların təhlükəsizliyinə zərər vura biləcək hər hansı addımın atılması mümkün deyil.
Prezidentin köməkçisi, həmçinin bu iddiaların texniki baxımdan da əsassız olduğunu qeyd edib. Onun sözlərinə görə, İsraildən Azərbaycana bu məqsədlə hər hansı keçid yalnız Türkiyə üzərindən mümkün ola bilərdi ki, buna nə Türkiyə, nə də Azərbaycan icazə verər. Hikmət Hacıyev bu cür məlumatların “çirkin təbliğat elementi” olduğunu da əlavə edib.