Odlar.media xəbər verir ki, AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev Türkiyə Cümhuriyyəti Türk Dünyası Yörük Türkmən Birliyi tərəfindən təqdim olunan **”Qiyasəddin Cəmşid əl-Kaşi Riyaziyyat Mükafatı”**na layiq görülüb.
Məlumata görə, bununla bağlı Türk Dünyası Yörük Türkmən Birliyi tərəfindən alimə rəsmi bildiriş və dəvət məktubu göndərilib. Bildirilib ki, Türkiyə Respublikasının 3335 saylı Qanunu çərçivəsində Nazirlər Kabinetinin icazəsi ilə beynəlxalq mədəni əməkdaşlıq qurumu kimi fəaliyyət göstərən birlik bu il üçüncü dəfə Beynəlxalq Türk Dünyası Elm Mükafatlarını təqdim edəcək.
Rafiq Əliyevə mükafat 2026-cı il oktyabrın 8-də Qazaxıstanın Almatı şəhərində keçiriləcək təntənəli mərasimdə təqdim olunacaq.
Qeyd edək ki, 15 kateqoriya üzrə mükafatların təqdim ediləcəyi tədbir Türk Dövlətləri Təşkilatı, TİKA, YTB, TÜRKSOY və digər qurumların dəstəyi ilə təşkil olunacaq. Mükafat elmi araşdırmaları, innovativ ideyaları və beynəlxalq elmi əməkdaşlığı təşviq etmək məqsədi daşıyır. Təltif müxtəlif elm sahələrində mühüm nailiyyətlər qazanan alimlərə təqdim edilir və türk dövlətləri arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişafına töhfə verən təşəbbüslərdən biri hesab olunur.
