Odlar.media xəbər verir ki, “Azəriqaz” tərəfindən yayılan məlumata əsasən, “Qaz İxrac” İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərlərində yeni çəkilmiş hissələrin mövcud kəmərlərə qoşulması ilə əlaqədar bir sıra yaşayış məntəqələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bildirilib ki, təmir-qoşulma işləri 5 avqust 2026-cı il saat 18:00-dan başlayacaq və 20 avqust 2026-cı il tarixində işlər başa çatanadək davam edəcək.
Bu müddətdə Samux rayonunun Qaraağaclı və Qaraarx qəsəbələri, Yenikənd, Köbər, Qədili, Seyidlər və Sarıqamış kəndləri, Şəmkir rayonunun Kür və Səməd Vurğun qəsəbələri, Mahmudlu, Keçili, Yeniabad, Çaparlı və Bayramlı kəndləri, eləcə də Qazax rayonunun Birinci Şıxlı, İkinci Şıxlı, Qaymaqlı, Kəmərli, Aslanbəyli və Yuxarı Salahlı kəndlərinin qaz təchizatı dayandırılacaq.
“Azəriqaz” qeyd edib ki, işlər başa çatdıqdan sonra qaz təchizatı texnoloji rejimlərə uyğun şəkildə mərhələli olaraq bərpa ediləcək.
