🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 06:15   •   🌡️ Bakı

Yayın qızmar günlərində Bakıda güclü külək və toz dumanı: Mütəxəssis səbəbləri açıqladı

Odlar.media xəbər verir ki, yay mövsümünün davam etməsinə baxmayaraq, ölkədə güclü külək və toz dumanı müşahidə olunur. Xüsusilə son günlər Bakıda küləyin sürətinin artması diqqət çəkir. Qonşu ölkələrdə yüksək temperatur hökm sürdüyü halda, paytaxtda müşahidə olunan bu hava şəraitinin səbəbləri maraq doğurur.
Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev Sfera.az-a açıqlamasında bildirib ki, son günlər havanın istiləşməsi atmosferdə təzyiq fərqlərinin yaranmasına səbəb olub.
Onun sözlərinə görə, isti hava axınları nəticəsində atmosfer təzyiqi aşağı düşüb və bunun ardınca şimal-qərb istiqamətindən gələn hava kütlələri güclü küləklə ölkə ərazisinə daxil olub. Məhz bu proses Bakıda müşahidə olunan güclü küləyin əsas səbəbi hesab edilir.
Ekoloq qeyd edib ki, hazırda paytaxtda müşahidə olunan tozlu hava xarici mənbələrdən daşınan tozlarla bağlı deyil. Adətən belə hallar cənub-şərq və ya şərqdən gələn hava axınları zamanı baş versə də, bu dəfə vəziyyət fərqlidir.
Ənvər Əliyevin sözlərinə əsasən, havadakı toz əsasən Bakı şəhərində aparılan tikinti işləri və Xəzər sahili ərazilərindən havaya qalxan toz hissəciklərindən qaynaqlanır. Bu amillər havanın müəyyən qədər çirklənməsinə səbəb olsa da, ciddi narahatlıq üçün əsas yoxdur.
Mütəxəssis vurğulayıb ki, güclü külək uzunmüddətli olmayacaq və yaxın günlərdə hava şəraiti sabitləşəcək. O əlavə edib ki, şəhər mühitində müxtəlif mənbələrdən havaya qalxan toz hissəciklərinin müşahidə olunması normal hal hesab edilir.
Ənvər Əliyev bildirib ki, şimaldan daxil olan hava axınları nəticəsində ölkədə temperaturun müəyyən qədər aşağı düşəcəyi gözlənilir. Bu proses cənubdan gələn isti hava kütlələrinin təsirini zəiflədəcək və nəticədə daha sabit hava şəraiti formalaşacaq. Onun proqnozuna görə, təxminən 10 gündən sonra hava daha da sərinləşəcək və avqust ayı ərzində daha əlverişli hava şəraiti müşahidə olunacaq.