Odlar.media xəbər verir ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli iyulun 30-da görkəmli bəstəkar, pedaqoq, “Şöhrət”, “Şərəf” və I dərəcəli “Əmək” ordenləri laureatı, Xalq artisti Tofiq Bakıxanovu evində ziyarət edib.
Mədəniyyət Nazirliyinin yaydığı məlumata görə, nazir bəstəkarın səhhəti ilə maraqlanıb, ona səmimi arzularını çatdırıb.
Bildirilib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkədə mədəniyyətin və ədəbiyyatın inkişafında mühüm xidmətləri olan yaradıcı şəxslərin fəaliyyətini daim diqqətdə saxlayır, onlara hər zaman xüsusi qayğı göstərirlər. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu ənənə yaradıcı insanlar üçün mühüm mənəvi dəstək və stimul olmaqda davam edir.
Adil Kərimli qeyd edib ki, Tofiq Bakıxanov zəngin və bənzərsiz yaradıcılığı ilə Azərbaycan musiqi mədəniyyətinə mühüm töhfələr verib. Nazir bəstəkarın uzun illər ərzində göstərdiyi xidmətlərin dövlət tərəfindən hər zaman yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Xalq artisti Tofiq Bakıxanov isə yaradıcılığına göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib.
