🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 08:46   •   🌡️ Bakı

İstanbul məktəblərində namaz otaqlarının yaradılması təklif olunur

Odlar.media xəbər verir ki, İstanbul valisi Davut Gül şəhərin bütün 39 rayonunun rəhbərlərinə dövlət məktəblərində şagirdlər və təhsil işçiləri üçün namaz otaqlarının yaradılması ilə bağlı məktub göndərib.

“Yeni Şafak” nəşrinin  verdiyi məlumata görə, sənəddə ibadət imkanlarının təmin edilməsinin vətəndaşların əsas hüquq və azadlıqlarının tərkib hissəsi olduğu vurğulanıb. Bildirilib ki, belə şəraitin yaradılması şagirdlərin mənəvi, sosial və əxlaqi inkişafına da müsbət təsir göstərir.

Müraciətdə qeyd olunub ki, yeni layihələndirilən məktəb binalarında cümə namazlarının qılınması üçün kifayət edəcək ölçüdə namaz otaqlarının nəzərdə tutulması tövsiyə edilir. Hazırda fəaliyyət göstərən təhsil müəssisələrinə isə mövcud otaqların bu məqsədlə yenidən uyğunlaşdırılması təklif olunub.

Sənəddə həmçinin bildirilib ki, xüsusi təchiz edilmiş ibadət otaqları şagirdlərin təhlükəsiz şəraitdə namaz qılmasına imkan yaradacaq, dini səbəblərlə dərs buraxılması hallarını azaldacaq və tədris prosesinin fasiləsiz davam etməsinə şərait yaradacaq.

Məlumata görə, təşəbbüs Türkiyə Təhsil Nazirliyinin təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ aktlarının müvafiq müddəalarına əsaslanır.