🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 07:28   •   🌡️ Bakı

Millət vəkili Elnarə Akimova: “İranın Azərbaycan mediasına qarşı təzyiq cəhdləri nəticəsiz qalacaq”

Odlar.media xəbər verir ki, İranın AzTV-ni “İrana düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı qərarı Azərbaycan ictimai-siyasi dairələrində geniş müzakirələrə səbəb olub.
Azərbaycan Medianın İnkişafı Agentliyi (MEDİA) bu addımı təəccüblə qarşıladığını bəyan edərək bildirib ki, qarşılıqlılıq prinsipinə əsasən xarici jurnalistlərə tətbiq olunan məhdudiyyətlər Azərbaycan qanunvericiliyinə uyğun şəkildə həyata keçirilə bilər.
Qurum eyni zamanda Azərbaycanın milli maraqlarına zidd fəaliyyət göstərdiyi bildirilən İranın “Səhər” televiziya kanalı və “Mehr” xəbər agentliyinin ölkədə fəaliyyətini qanunsuz elan edib.
AzTV-nin sədri Röşən Məmmədov isə telekanalın İrana qarşı dezinformasiya yaymadığını, yalnız Azərbaycan əleyhinə səsləndirilən iddialara faktlara əsaslanan cavab verdiyini bildirib. Onun sözlərinə görə, AzTV bundan sonra da ölkəyə qarşı yönələn informasiya hücumlarına adekvat reaksiya verməyə davam edəcək.
Qeyd edək ki, baş verən hadisə təkcə media müstəvisində deyil, Azərbaycan–İran münasibətlərinin siyasi aspektində də müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı QHT.az-a danışan Milli Məclisin deputatı Elnarə Akimova İranın bu addımını qəbuledilməz adlandırıb.
Deputat bildirib ki, İranın dövlət televiziya orqanları və təhlükəsizlik strukturlarının Azərbaycanın dövlət televiziya kanalını “İrana düşmən media qurumları” siyahısına daxil etməsi, media nümayəndələrini hədəfə alan ittihamlar səsləndirməsi nə söz və ifadə azadlığı prinsiplərinə, nə də dövlətlər arasında qarşılıqlı hörmət və mehriban qonşuluq münasibətlərinə uyğundur.
Onun sözlərinə görə, Azərbaycan hər zaman söz və media azadlığının, jurnalistlərin təhlükəsiz fəaliyyətinin və peşə müstəqilliyinin tərəfdarı olub. Elnarə Akimova vurğulayıb ki, hər hansı media qurumunu siyasi mövqeyinə görə “düşmən” elan etmək, jurnalistləri təhdid etmək və onları hədəfə çevirmək beynəlxalq hüququn, demokratik dəyərlərin və peşə etikası normalarının kobud şəkildə pozulmasıdır.
Deputat qeyd edib ki, media üzərində təzyiq və qorxu mühiti yaratmaq cəhdləri sağlam informasiya məkanının formalaşmasına xidmət etmir. Onun fikrincə, Azərbaycan informasiya təhlükəsizliyini, milli maraqlarını və jurnalistlərin hüquqlarını qorumaqda qətiyyətlidir, ölkə mediasına qarşı aparılan qarayaxma kampaniyaları və əsassız ittihamlar isə Azərbaycanın informasiya siyasətinə təsir göstərə bilməz.
Elnarə Akimova əlavə edib ki, Azərbaycan diplomatik münasibətlərdə qarşılıqlı hörmət prinsipinə sadiqdir. Bununla yanaşı, ölkənin media qurumlarına və jurnalistlərinə qarşı yönələn təzyiq cəhdlərinə səssiz qalmayacağını vurğulayan deputat bildirib ki, milli maraqlara qarşı atılan hər bir addım hüquqi, diplomatik və informasiya müstəvisində prinsipial və adekvat cavabını alacaq.
Deputatın sözlərinə görə, qarşılıqlılıq prinsipi beynəlxalq münasibətlərin fundamental qaydalarından biridir və Azərbaycan bu prinsipin təmin olunmasını tam qanuni hesab edir.
“İran tərəfi anlamalıdır ki, Azərbaycan mediasını hədəfə almaqla nə ölkəmizin mövqeyini dəyişmək, nə də informasiya siyasətinə təsir göstərmək mümkündür. AzTV Azərbaycanın dövlət televiziya kanalı kimi milli maraqları, dövlət siyasətini və cəmiyyətin informasiya təminatını həyata keçirən mühüm media institutudur. Onun fəaliyyətinə kənardan siyasi damğa vurmaq və ya təzyiq göstərmək cəhdləri nəticəsiz qalacaq”, – deyə Elnarə Akimova bildirib.
Deputat sonda vurğulayıb ki, regionun ehtiyacı media üzərindən qarşıdurma yaratmaq deyil, qarşılıqlı etimadı möhkəmləndirməkdir. Onun fikrincə, informasiya müharibəsi ritorikası nə ikitərəfli münasibətlərə, nə də regional sabitliyə xidmət edir. Azərbaycan isə güclü dövlət kimi öz informasiya məkanını, milli maraqlarını və media subyektlərini qorumaq üçün kifayət qədər siyasi iradəyə və institusional imkanlara malikdir. Buna görə də ölkəyə qarşı yönələn istənilən əsassız ittiham, təzyiq və təhdid cəhdinin qətiyyətlə rədd ediləcəyi bildirilib.

 

Odlar.media