🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 06:11   •   🌡️ Bakı

Reuters: İran Çindən 400-ə qədər daşınan zenit-raket kompleksi almağa hazırlaşır

Odlar.media xəbər verir ki, İran yaxın həftələr ərzində Çində istehsal olunmuş daşınan zenit-raket komplekslərinin ilk partiyasını qəbul etməyə hazırlaşır.
Bu barədə Reuters agentliyi məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Məlumata əsasən, ABŞ və İsraillə baş vermiş müharibədən sonra hava hücumundan müdafiə imkanlarını gücləndirməyə çalışan Tehran ümumilikdə 400-ə qədər Çin istehsalı olan portativ zenit-raket kompleksinin alınmasını planlaşdırır.
Bildirilir ki, təxminən 60–70 milyon ABŞ dolları dəyərində qiymətləndirilən müqavilə İranın son hərbi qarşıdurmalardan sonra qısamənzilli hava hücumundan müdafiə sistemlərini gücləndirmək istiqamətində həyata keçirdiyi ən böyük layihələrdən biri hesab olunur. Məlumata görə, müharibə zamanı İranın hərbi obyektlərini və strateji infrastrukturunu qorumaq imkanlarında ciddi çatışmazlıqlar üzə çıxıb.
Mənbələrin sözlərinə görə, müqavilə çərçivəsində Çin istehsalı olan QW-12 və FN-16 modelləri də daxil olmaqla, 400-ə yaxın daşınan zenit-raket kompleksinin tədarükü nəzərdə tutulur.
Reuters-in məlumatına əsasən, razılaşma Honq-Konqda yerləşən Zhongqing Baoshang International Investment şirkəti ilə imzalanıb. İddialara görə, həmin şirkət İran tərəfi ilə Çin tədarükçüsü arasında vasitəçi funksiyasını yerinə yetirib.
Qeyd edək ki, bu məlumat Reuters agentliyinin mənbələrinə əsaslanır və rəsmi qurumlar tərəfindən hələlik təsdiqlənməyib.