🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 15:55   •   🌡️ Bakı

İraq Türkiyəyə gündəlik neft ixracını 1 milyon barelədək artırmağı planlaşdırır

Odlar.media xəbər verir ki, İraq hökuməti Türkiyəyə gündəlik neft ixracının həcmini 1 milyon barelədək artırmaq imkanını nəzərdən keçirir.
Bu barədə İraqın Baş naziri Əli əl-Zaidi Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşdən sonra təşkil olunan birgə mətbuat konfransında məlumat verib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İraq tərəfi Türkiyəyə gündəlik 1 milyon barel neft tədarükü imkanını qiymətləndirir. Baş nazir Əli əl-Zaidi isə bu məlumatı təsdiqləyərək, “Bəli, doğrudur – 1 milyon”, – deyə vurğulayıb.
Əli əl-Zaidi qeyd edib ki, Türkiyəyə ilk rəsmi səfəri iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edir.
Baş nazirin sözlərinə görə, görüş zamanı tərəflər enerji, nəqliyyat, təhsil, su ehtiyatlarının idarə olunması, eləcə də Fars körfəzi ölkələrini İraq ərazisi vasitəsilə dünya bazarları ilə birləşdirməyi hədəfləyən genişmiqyaslı “İnkişaf Yolu” (Development Road) nəqliyyat layihəsi çərçivəsində əməkdaşlıq perspektivlərini də müzakirə ediblər.