Odlar.media xəbər verir ki, Baş prokuror Kamran Əliyev avqustun 7-də Laçın rayonunda vətəndaşların qəbulunu keçirəcək.
Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, qəbul saat 10:00-da Laçın Rayon Prokurorluğunun inzibati binasında baş tutacaq. Qəbul zamanı Laçın, Cəbrayıl, Zəngilan və Qubadlı rayon sakinlərinin müraciətləri dinləniləcək.
Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Laçın rayonuna gəlişinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, contact@prosecutor.gov.az elektron poçt ünvanı, həmçinin qurumun Instagram, Facebook və X sosial şəbəkə hesabları vasitəsilə də qəbula yazıla bilərlər.
