Odlar.media xəbər verir ki, Milli Məclisin deputatı Elnarə Akimova Sumqayıt şəhərinin Dəmir yolu Yük həyəti yaşayış massivində yeni kanalizasiya xəttinin çəkilişinə başlanılmasını “xəbərlərin ən gözəli” adlandırıb.

Deputat bildirib ki, bu ilin 23 yanvar tarixində deputatı olduğu Sumqayıt şəhərinin Dəmir yolu Yük həyəti yaşayış massivində sakinlərlə görüş keçirərək onların uzun illərdir həllini gözlədiyi kanalizasiya problemi ilə yerində tanış olub.
Qeyd olunub ki, görüş zamanı sakinlər əsas problemlərdən biri kimi ərazidə kanalizasiya sisteminin olmamasını diqqətə çatdırıb, evlərin çirkab suların təsiri altında qaldığını, xüsusilə yağışlı havalarda vəziyyətin daha da ağırlaşdığını bildiriblər. Sakinlərin müraciətləri dinlənildikdən sonra problemin həlli istiqamətində aidiyyəti dövlət qurumlarına müvafiq müraciətlər edilib və məsələnin nəzarətdə saxlanılacağı qeyd olunub.
Elnarə Akimova vurğulayıb ki, hazırda ərazidə yeni kanalizasiya xəttinin çəkilişinə başlanılıb. Onun sözlərinə görə, bu, 925 ailənin illərdir üzləşdiyi ciddi sosial-məişət probleminin aradan qaldırılması istiqamətində atılmış mühüm addımdır.
Deputat sakinlərin müraciətlərinə həssas yanaşılmasına, vətəndaşların rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını ifadə edib.
Eyni zamanda, layihənin icrasına göstərilən dəstəyə, diqqətə və görülən işlərə görə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcova təşəkkürünü bildirib.
Sonda Elnarə Akimova əminliyini ifadə edib ki, başlanılan işlər qısa müddətdə uğurla başa çatdırılacaq və ərazi sakinlərinin uzun illərdir gözlədiyi problem öz həllini tapacaq. O, vətəndaşların qaldırdığı hər bir məsələnin həlli istiqamətində bundan sonra da üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməyə davam edəcəyini vurğulayıb.
Hazırladı: Odlar.media
