Odlar.media xəbər verir ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) İran İslam Respublikasının Kəşfiyyat Nazirliyinin bəzi xarici media qurumlarını, o cümlədən Azərbaycanın dövlət televiziya kanalı AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi və həmin media subyektləri ilə əməkdaşlıq edən şəxsləri cinayət məsuliyyəti ilə hədələməsi ilə bağlı bəyanat yayıb.
Bəyanatda qeyd olunub ki, Azərbaycan Respublikası jurnalistlərin peşə fəaliyyətinin müdafiəsinə sadiqdir və eyni zamanda qarşılıqlılıq prinsipinin tətbiqini təmin edir. Bildirilib ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 11.4-cü maddəsinə əsasən, Media Reyestrinə daxil edilmiş jurnalistlərin peşə fəaliyyətinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər tətbiq edildiyi halda, həmin dövlətin jurnalistlərinə qarşı Azərbaycanda da eyni məhdudiyyətlər tətbiq oluna bilər.
MEDİA vurğulayıb ki, qanunun müvafiq müddəaları və qarşılıqlılıq prinsipi nəzərə alınaraq, Azərbaycanın milli maraqlarına zidd fəaliyyət göstərən, ölkənin suverenliyi, konstitusiya quruluşu, ərazi bütövlüyü və milli təhlükəsizliyi əleyhinə təbliğat aparan “Səhər” televiziya kanalı, “Mehr” xəbər agentliyi və onların nümayəndələrinin Azərbaycan ərazisində fəaliyyəti qanunsuz hesab edilir.
Agentlik ölkədə fəaliyyət göstərən bütün media subyektlərini və jurnalistləri milli maraqlara zidd fəaliyyət göstərən adıçəkilən media qurumları və onlarla əlaqəli nümayəndələrlə əməkdaşlıqdan çəkinməyə çağırıb.
Bəyanatda bir daha vurğulanıb ki, media sahəsində beynəlxalq əməkdaşlıq yalnız qarşılıqlı hörmət və jurnalistlərin peşə müstəqilliyi prinsipləri əsasında həyata keçirilməlidir.
Odlar.media
