Odlar.media xəbər verir ki, politoloq Heydər Oğuz Ukraynanın Xəzər dənizində İrana məxsus gəmini vurması ilə bağlı yayılan məlumatları şərh edərək bildirib ki, rəsmi Kiyevin bu addımı təsadüfi deyil və müəyyən strateji məqsədlərə hesablanıb.
Politoloqun sözlərinə görə, Ukrayna ilə İran arasında gərginliyin kökləri 2020-ci ilə gedib çıxır. O qeyd edib ki, həmin il İran tərəfindən Ukraynaya məxsus sərnişin təyyarəsinin vurulması və sonrakı dövrdə Tehranın Rusiyaya “Şahid” tipli pilotsuz uçuş aparatları verməsi iki ölkə arasında münasibətləri daha da gərginləşdirib.
Heydər Oğuz hesab edir ki, Ukraynanın son addımı yalnız İranla münasibətlərlə izah olunmur. Onun fikrincə, Kiyev bu yolla Yaxın Şərqdəki müttəfiqləri ilə əməkdaşlığı genişləndirməyə, Rusiyanın əsas tərəfdaşlarından biri olan İranın imkanlarını zəiflətməyə və ABŞ ilə strateji əməkdaşlığını daha da gücləndirməyə çalışır.
Politoloq bildirib ki, Ukraynanın bu prosesdə iştirakının əsas məqsədlərindən biri İran və Ukrayna istiqamətlərində gedən qarşıdurmaları paralel müstəviyə keçirmək, yeni tərəfdaşlar qazanmaq və hərbi-sənaye əməkdaşlığını genişləndirməkdir.
Onun fikrincə, bu proses gələcəkdə Avropa ölkələrinin də İran ətrafında formalaşan geosiyasi proseslərə daha fəal qoşulmasına səbəb ola bilər.
Heydər Oğuz vurğulayıb ki, Ukraynanın İrana qarşı atdığı addımların arxasında uzunmüddətli strateji hesablamalar dayanır və bu prosesin gələcəkdə də davam etməsi istisna edilmir.
