Odlar.media xəbər verir ki, güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalan şəxs Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.
Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, aparılan müayinələr nəticəsində pasiyentə sağ mil sümüyünün distal ucunun oynaqdaxili sınığı diaqnozu qoyulub.
Bildirilib ki, həkimlər tərəfindən zəruri tibbi yardım göstərilib, sınıq gips longetlə fiksasiya olunub. Pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən o, ambulator müalicə üçün evə buraxılıb.
Məlumata əsasən, vətəndaşa ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib.
Səhiyyə Nazirliyi, həmçinin vətəndaşlara küləkli hava şəraitində iri ağacların, köhnə tikililərin və təhlükə yarada biləcək digər konstruksiyaların yaxınlığında dayanmamağı, zərurət olmadıqda isə açıq havada uzun müddət qalmamağı tövsiyə edib.
