Odlar.media xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə 2026-cı ilin iyul çağırışının gedişatı ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib.
Dövlət Xidmətinin yaydığı məlumata görə, qurumun rəisi, general-mayor Mürsəl İbrahimovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icra vəziyyəti müzakirə olunub.
İclasda bildirilib ki, Dövlət Xidməti tərəfindən 2026-cı ilin iyul çağırışının uğurla həyata keçirilməsi və Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətli şəkildə komplektləşdirilməsi məqsədilə zəruri tədbirlər görülür.
Qeyd olunub ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə yaradılmış Mərkəzi Çağırış Komissiyası vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı rayon (şəhər) çağırış komissiyalarına rəhbərlik edir və onların fəaliyyətinə nəzarəti həyata keçirir. Komissiyada 15 dövlət qurumu təmsil olunur.
İclasın yekununda gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.
