Odlar.media xəbər verir ki, qulaqlıqdan istifadə təkbaşına eşitmə qabiliyyətinə zərər verməsə də, yüksək səs səviyyəsində və uzun müddət fasiləsiz musiqi dinləmək daxili qulaqda geri dönməz zədələnmələr yarada bilər.
Mütəxəssislərin sözlərinə görə, bəzi müasir qulaqlıqlar 105-110 desibel gücündə səs çıxara bilir. Halbuki 85 desibeldən yuxarı səsə uzun müddət məruz qalmaq belə eşitmə üçün təhlükəli hesab olunur. Səs nə qədər yüksək olarsa, qulaqların zədələnmədən həmin səsə tab gətirə biləcəyi müddət də bir o qədər azalır.
Əsas təhlükə daxili qulaqda yerləşən və səs siqnallarını qəbul edən həssas tükcüklü hüceyrələrin zədələnməsi ilə bağlıdır. Güclü səs bu hüceyrələri məhv edir və onlar sonradan bərpa olunmur. Bu səbəbdən yüksək səsin yaratdığı eşitmə itkisi qalıcı ola bilər.
Mütəxəssislər eşitmə qabiliyyətini qorumaq üçün səsi yaxşı izolyasiya edən və ya aktiv səsboğma funksiyasına malik tamölçülü qulaqlıqlardan istifadə etməyi tövsiyə edirlər. Belə qulaqlıqlar ətraf mühitdəki səs-küyü azaltdığı üçün istifadəçi səsi həddindən artıq artırmağa ehtiyac duymur.
Qulaq kanalının içinə yerləşdirilən qulaqlıqlar isə qulaq kirinin və nəmin toplanmasını sürətləndirə, uzunmüddətli istifadədə qulaq kanalında qıcıqlanma yarada bilər. Buna görə də qulaqlıqların mütəmadi təmizlənməsi və başqa şəxslərlə paylaşılmaması tövsiyə olunur.
Bundan əlavə, qulaqlara mütəmadi istirahət vermək vacibdir. Mütəxəssislər “60/60 qaydası”na əməl etməyi məsləhət görürlər. Bu qaydaya əsasən, səs səviyyəsi maksimumun 60 faizindən yuxarı qaldırılmamalı və təxminən 60 dəqiqə istifadə etdikdən sonra mütləq fasilə verilməlidir.
Qulaqlıqdan istifadə etdikdən sonra qulaqlarda cingilti, küy, tutulma hissi, qıcıqlanma və ya əvvəlki səviyyədə eşitmək üçün səsi getdikcə artırmaq ehtiyacı yaranarsa, bu, eşitmə orqanının həddindən artıq yükləndiyini göstərə bilər.
Belə əlamətlər müşahidə edildikdə bir müddət yüksək səslə musiqi dinləməkdən imtina etmək, şikayətlər davam edərsə və ya eşitmə qabiliyyətində nəzərəçarpacaq zəifləmə yaranarsa, mütləq həkimə müraciət etmək tövsiyə olunur.
