🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 07:29   •   🌡️ Bakı

A qara qüvvə

 

Səmada görünür arzumun səfi,
Pozma nizamımı, a qara qüvvə.
Təzəcə böyüyüb ümid qanadım,
Üzmə qanadımı, a qara qüvvə.

Dözümüm qılıncdı, səbrim də rəndə,
Hər şeyin həddi var, bil, bunu sən də.
Məni qaralama, izləmə gündə,
Əzmə ürəyimi, a qara qüvvə.

Şeytan qulağına nə deyib sənin?
Mənlə duruşubsan, çoxalıb qəmim.
Çəkmirsən kölgəni yolumdan mənim,
Gəzmə yollarımda, a qara qüvvə.

Dünyaya göz açıb doğulan andan,
Bəxtim buz nəfəsli, həyatım zindan.
Sən nə istəyirsən? Əl çək, ver imkan,
Etmə pisliyini, a qara qüvvə.

Yer üstə yağışı sağan səmadan,
Günəşi gözümdən doğan səmadan,
Məni öz qoynuna alan səmadan,
Bir güman yerim o iltifatını,
Kəsmə, çıx ömrümdən a qara qüvvə.

 

 

Müəllif: Fuad Biləsuvarlı

Saat: 06:04

Tarix: 24 iyul

Mənbə: Odlar.media