Odlar.media xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”*ndan irəli gələn tədbirlərin Biləsuvar rayonunda icrasının təmin edilməsi məqsədilə Rayon İcra Hakimiyyətində yaradılmış qərargahın növbəti iclası keçirilib.
İclasda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı, qərargahın sədri Faiq Qürbətov, qərargah üzvləri, aidiyyəti idarə və təşkilatların rəhbərləri, eləcə də ərazi icra nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Faiq Qürbətov bildirib ki, ölkə rəhbərliyi tərəfindən təsdiqlənən Dövlət Proqramı regionlarda intensiv təsərrüfatçılığa keçidin sürətləndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və aqrar sektorun rəqabətqabiliyyətliliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. O, Biləsuvarın kənd təsərrüfatında əsas istiqamətlər hesab olunan pambıqçılıq, taxılçılıq və heyvandarlıq sahələrinin potensialından daha səmərəli istifadə edilməsinin, məhsuldarlığın artırılmasının və müasir texnologiyaların tətbiqinin vacibliyini vurğulayıb.
Rayon rəhbəri həmçinin su ehtiyatlarından səmərəli istifadə məsələsinə toxunaraq damcı və çiləmə üsullu müasir suvarma sistemlərinin yerli təsərrüfatlarda daha geniş tətbiq edilməsinin zəruriliyini qeyd edib. Onun sözlərinə görə, su itkisinin minimuma endirilməsi regional aqrar inkişafın əsas amillərindən biridir. Faiq Qürbətov fermerlərin müasir texnika və avadanlıqlara çıxışının asanlaşdırılması məqsədilə aqroservis xidmətləri şəbəkəsinin daha da təkmilləşdirilməsinin vacib olduğunu da diqqətə çatdırıb.
İcra başçısı heyvandarlığın inkişafı istiqamətində yerli mal-qaranın cins tərkibinin yenilənməsinin, yem bitkilərinin əkin sahələrinin genişləndirilməsinin, müasir silos quyuları və yem emalı müəssisələrinin yaradılmasının, həmçinin ekstensiv otlaq heyvandarlığından məhsuldar qapalı və yarımqapalı heyvandarlıq komplekslərinə keçidin prioritet istiqamətlər sırasında yer aldığını bildirib.
Sonda Faiq Qürbətov Dövlət Proqramından irəli gələn tədbirlərin vaxtında və keyfiyyətlə icra olunmasının təmin edilməsi, aidiyyəti dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi, dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi və sahibkarlıq subyektləri ilə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
İclasda çıxış edən aidiyyəti idarə və təşkilat rəhbərləri, qərargah üzvləri və ərazi icra nümayəndələri pambıqçılıq, taxılçılıq, meliorasiya və heyvandarlıq sahələrində rayonda həyata keçirilən işlər barədə ətraflı məlumat təqdim ediblər.


Mənbə: Odlar.media
