Odlar.media xəbər verir ki, Avstraliya millisinin və İtaliyanın “Sassuolo” klubunun yarımmüdafiəçisi Kristian Volpato Sidneydə baş verən insidentlə gündəmə gəlib.
“BBC Sport”un yaydığı məlumata görə, Yeni Cənubi Uels polisi 22 yaşlı futbolçunun bir gecə ərzində iki dəfə sürət həddini aşdığı üçün saxlanıldığını açıqlayıb. İkinci yoxlama zamanı aparılan narkotik testində kokainə görə ilkin müsbət nəticə qeydə alınıb.
Hadisədən sonra Volpatonun Yeni Cənubi Uels ştatında sürücülük vəsiqəsinin qüvvəsi müvəqqəti dayandırılıb. Eyni zamanda, yekun nəticənin müəyyənləşdirilməsi məqsədilə əlavə laborator analiz üçün nümunə götürülüb. Hazırda faktla bağlı araşdırma davam etdirilir.
Avstraliya Futbol Federasiyası futbolçu ilə əlaqə saxladıqlarını və prosesi yaxından izlədiklərini bəyan edib. Oyunçular İttifaqı isə Volpatoya hüquqi və digər zəruri dəstəyi göstərəcəyini açıqlayıb. “BBC Sport”un sorğusuna baxmayaraq, “Sassuolo” klubu hələlik məsələ ilə bağlı rəsmi mövqe bildirməyib.
Qeyd edək ki, Kristian Volpato 2023-cü ildən “Sassuolo”nun şərəfini qoruyur. O, ötən mövsüm İtaliya çempionatında 24 oyunda meydana çıxıb. Əvvəllər İtaliyanın aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edən yarımmüdafiəçi bu ilin mayında Avstraliya millisini seçib. Volpato DÇ-2026-da 3 oyunda iştirak edərək komandasının 1/16 final mərhələsinə yüksəlməsinə töhfə verib.
