Odlar.media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) həftəsonu qızmar hava şəraiti ilə əlaqədar su hövzələrinə üz tutan vətəndaşlara təhlükəsizlik qaydalarına ciddi əməl etmələri barədə müraciət edib.
Nazirlik bildirib ki, bu gün və sabah ölkə ərazisində, o cümlədən Bakı və Abşeron yarımadasında havanın temperaturunun bəzi yerlərdə 41 dərəcəyədək yüksələcəyi gözlənilir. Belə hava şəraitində vətəndaşların kütləvi şəkildə çimərlik və digər su hövzələrinə üz tutacağı qeyd olunub.
FHN vurğulayıb ki, təhlükəsizlik qaydalarının pozulması hər il bədbəxt hadisələrə səbəb olur. Bu baxımdan vətəndaşlara yalnız rəsmi çimərliklərdə çimmək, kanal, çay, arx və digər çimmək üçün nəzərdə tutulmayan su hövzələrinə daxil olmamaq tövsiyə edilib.
Müraciətdə həmçinin bildirilib ki, çimmə zonasının müəyyən edilmiş sərhədlərindən kənara üzmək, xilasetmə vasitələri istisna olmaqla digər qayıq və kiçik gəmilərlə çimərlik ərazisinə daxil olmaq qadağandır.
Nazirlik valideynlərə uşaqları nəzarətsiz qoymamağı, xəbərdaredici nişanlara və xilasedicilərin göstərişlərinə əməl etməyi tövsiyə edib. Eyni zamanda, qızmar günəş altında uzun müddət qalmağın və hava qaraldıqdan sonra suya girməyin təhlükəli olduğu xatırladılıb.
FHN vətəndaşları ehtiyatlı olmağa çağıraraq vurğulayıb ki, qaydalara biganəlik insan həyatı üçün ciddi təhlükə yaradır. Fövqəladə hadisə baş verdiyi təqdirdə isə 112 qaynar xəttinə zəng edilməsi tövsiyə olunur.
