Odlar.media xəbər verir ki, Bakının Nəsimi rayonu, Füzuli küçəsində skuter və velosiped idarə edən şəxslərin avtobus zolağında və yolun hərəkət hissəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq əks istiqamətdə hərəkət etməsi qeydə alınıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, qaydaların pozulması yolda qəza şəraitinin yaranmasına səbəb olub.
Mərkəz sürücülərin nəzərinə çatdırıb ki, “Yol hərəkəti haqqında” Qanunun 46-1-ci maddəsinə əsasən, kiçik elektrik nəqliyyat vasitələrinin hərəkətinə park və həyət ərazilərində, yaşayış zonalarında, velosiped yollarında, eləcə də ümumi istifadədə olan avtomobil yollarında yol nişanları və yol nişanlanmasının tələblərinə riayət etməklə yolun sağ kənar zolağı ilə icazə verilir.
Qanunvericiliyə əsasən, göstərilən tələblərə əməl olunmaq şərti ilə belə nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yollarında sağ kənar zolaqdan başqa digər zolaqlarla hərəkət etməsi, həmçinin velosiped yolu olduğu halda onun yanındakı avtomobil yolu ilə hərəkət etməsi qadağandır.
DİN bir daha vurğulayıb ki, yola çıxan bütün hərəkət iştirakçıları digər şəxslərin hüquqlarına hörmətlə yanaşmalı və yol hərəkəti qaydalarına ciddi riayət etməlidirlər. Əks halda yol-nəqliyyat hadisələrinin baş verməsi və ağır nəticələrin yaranması qaçılmaz ola bilər.
