Odlar.media xəbər verir ki, 22 İyul – Milli Mətbuat Günü münasibətilə TƏBİB-in təşkilatçılığı ilə Yeni Klinikanın Tibbi Tədris-Simulyasiya Mərkəzində media nümayəndələri üçün “İlk yardım: Media üçün Simulyasiya Təlimi” keçirilib.
Təlimdə 20-yə yaxın media nümayəndəsi iştirak edib.
Yeni Klinikanın direktoru, tibb üzrə fəlsəfə doktoru Zəhra Vəzirova bildirib ki, bu cür təlimlər jurnalistlərin ilk yardım sahəsində praktiki bilik və bacarıqlarını artırmaqla yanaşı, fövqəladə hallarda düzgün və operativ qərar qəbul etmələrinə dəstək verir.
TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zara İbrahimzadə isə çıxışında media ilə əməkdaşlığın qurum üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edərək TƏBİB-in bu istiqamətdə əməkdaşlığı daha da genişləndirmək niyyətində olduğunu bildirib.
Təlim zamanı AHA üzrə Təməl Yaşam Dəstəyi (BLS) beynəlxalq təlimçisi Fəxriyyə Quliyeva iştirakçılara ilk yardımın əsas prinsipləri, zərərçəkənin ilkin qiymətləndirilməsi, ürək-ağciyər reanimasiyası və digər həyati vacib müdaxilələr barədə nəzəri və praktiki məlumat verib.
Praktiki hissədə jurnalistlər simulyasiya şəraitində ürək-ağciyər reanimasiyası, döş qəfəsinə kompressiyaların düzgün icrası və ilk yardım alqoritmləri üzrə bacarıqlarını tətbiq ediblər.
Təlim proqramının sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
