Odlar.media xəbər verir ki, yay mövsümünün ən sevilən meyvələrindən olan qarpız düzgün miqdarda və uyğun vaxtda istehlak edildikdə orqanizm üçün faydalıdır. Mütəxəssislər isə xəbərdarlıq edirlər ki, onun həddindən artıq qəbulu həm çəki artımına, həm də həzm problemlərinə səbəb ola bilər.
Qidalanma mütəxəssislərinin sözlərinə görə, qarpızın təxminən 90–92 faizi sudan ibarətdir və 100 qramında cəmi 30 kilokalori mövcuddur. Tərkibində C və A vitaminləri, kalium, likopen və az miqdarda lif olduğu üçün yay aylarında orqanizmin maye balansının qorunmasına kömək edir.
Bildirilib ki, qarpız özü yüksək kalorili məhsul olmasa da, onun böyük porsiyalarla qəbul edilməsi ümumi kalori və şəkər qəbulunu artırır. Bir kiloqram qarpız təxminən 300 kilokalori təşkil edir və tez-tez bu qədər meyvənin bir oturuşda yeyilməsi çəki artımına səbəb ola bilər.
Mütəxəssislər sağlam insanlar üçün bir dəfəyə 250–350 qram, yəni təxminən iki-üç iri dilim qarpız yeməyi məsləhət görürlər. Bir-iki kiloqram qarpızın birdəfəyə qəbul edilməsi isə köp, qarında narahatlıq, ishal və qan şəkərinin sürətlə yüksəlməsi ilə nəticələnə bilər.
Qarpızın səhər yeməyindən sonra, günorta saatlarında və ya ara yemək kimi istehlakı daha məqsədəuyğun hesab edilir. Gecə saatlarında böyük porsiyalarla yeyilməsi isə tez-tez sidiyə çıxma və həzm narahatlıqları yarada bilər.
Mütəxəssislər qarpızın pendirlə birlikdə yeyilməsinin sağlam insanlar üçün təhlükəli olmadığını da bildirirlər. Əksinə, pendirin tərkibindəki zülal və yağ qarpızdakı təbii şəkərin sorulmasını müəyyən qədər ləngidərək toxluq hissini uzada bilər. Lakin yağlı pendirin kalorili olması səbəbindən onun miqdarına diqqət yetirilməlidir. Tövsiyəyə görə, iki-üç dilim qarpızın yanında 30–50 qram ağ pendir kifayətdir.
Həmçinin qeyd olunur ki, kəsilmiş qarpız otaq temperaturunda uzun müddət saxlanılmamalı, soyuducuda mühafizə edilərək qısa müddətdə istehlak olunmalıdır. Böyrək xəstələri, şəkərli diabetdən əziyyət çəkənlər və duz qəbulunu məhdudlaşdırmalı olan şəxslər isə qarpızı həkim və ya dietoloqun tövsiyəsinə uyğun miqdarda qəbul etməlidirlər.
