Odlar.media xəbər verir ki, Özbəkistanın Baş prokuroru Niqmatilla Yuldoşevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfəri çərçivəsində Fəxri xiyabanı ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyaraq xatirəsini ehtiramla yad edib.
Nümayəndə heyəti daha sonra akademik Zərifə Əliyevanın, dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarını ziyarət edib. Qonaqlar, həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsini anaraq məzarları üzərinə gül dəstələri düzüblər.
Səfər çərçivəsində Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə Özbəkistanın Baş prokuroru Niqmatilla Yuldoşev arasında geniş tərkibdə görüş keçirilib.
Görüş zamanı Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında formalaşmış dostluq, qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin bütün istiqamətlər üzrə dinamik inkişaf etdiyi vurğulanıb. Bildirilib ki, dövlət başçılarının siyasi iradəsi hüquq-mühafizə orqanları arasında əməkdaşlığın da keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə şərait yaradıb.
Kamran Əliyev iki ölkə xalqları arasında mövcud olan tarixi dostluq və qardaşlıq əlaqələrinin prokurorluq orqanları arasında əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini qeyd edib. O, transmilli cinayətkarlığa qarşı mübarizə, qanunun aliliyinin təmin edilməsi və cinayət mühakimə icraatının səmərəliliyinin artırılması baxımından bu əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Tərəflər görüşdə qarşılıqlı hüquqi yardım, ekstradisiya, korrupsiya, kibercinayətkarlıq, terrorçuluğun maliyyələşdirilməsi, insan alveri, rəqəmsal texnologiyaların tətbiqi, prokurorluq əməkdaşlarının peşə hazırlığı və təcrübə mübadiləsi sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Görüşün yekununda Azərbaycan Baş Prokurorluğu ilə Özbəkistan Baş Prokurorluğu arasında 2027–2028-ci illəri əhatə edən Əməkdaşlıq Proqramı imzalanıb. Proqram qarşılıqlı səfərlərin, birgə təlimlərin, ekspert mübadiləsinin və beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyalı fəaliyyətin genişləndirilməsini nəzərdə tutur.
Niqmatilla Yuldoşev göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, Azərbaycan Baş Prokurorluğu ilə əməkdaşlığın bundan sonra da qarşılıqlı etimad əsasında inkişaf etdirilməsi üçün bütün zəruri addımların atılacağını deyib.
Səfərin sonunda Azərbaycan və Özbəkistan prokurorluq orqanları arasında əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə Niqmatilla Yuldoşev “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif olunub. Daha sonra nümayəndə heyəti Azərbaycan Respublikası Prokurorluğunun Tarix Muzeyini ziyarət edərək qurumun fəaliyyəti və inkişaf tarixi ilə tanış olub.
