Odlar.media xəbər verir ki, Azərbaycan Ordusunun xüsusi təyinatlıları İordaniya Haşimilər Krallığında keçirilən Terrorla Mübarizə və Xüsusi Əməliyyatlar üzrə “Zülfüqar” adlı birgə hərbi təlimdə iştirak edirlər.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hərbi əməkdaşlıq və təlim proqramları çərçivəsində təşkil olunan təlimə Azərbaycanla yanaşı, İordaniya Silahlı Qüvvələri – Ərəb Ordusunun Kral Abdullah II Xüsusi Təyinatlı Qüvvələri Komandanlığının şəxsi heyəti, eləcə də Türkiyə və Pakistanın xüsusi təyinatlıları cəlb olunublar.
Təlimin ssenarisinə pilotsuz uçuş aparatları (PUA), müasir hərbi texnika və sistemlərdən istifadə edilməklə müxtəlif əməliyyat şəraitini əks etdirən taktiki fəaliyyətlər daxildir.
Təlim iştirakçıları yaşayış məntəqələrində döyüş, girovların azad edilməsi və antiterror əməliyyatları üzrə tapşırıqları yerinə yetirəcək, həmçinin müxtəlif çaplı silahlardan istifadə etməklə praktiki atışlar icra edəcəklər.
Bildirilib ki, təlimin əsas məqsədi bölmələrin əməliyyat imkanlarını artırmaq, xüsusi təyinatlıların döyüş hazırlığını təkmilləşdirmək, iştirakçı ölkələrin qüvvələri arasında koordinasiyanı gücləndirmək və xüsusi əməliyyatlar sahəsində təcrübə mübadiləsini genişləndirməkdir.
