🌐 Keçmişin izi, gələcəyin sözü
22 İyul 2026, saat 02:50   •   🌡️ Bakı

Azərbaycan Gürcüstandan idxalı 10,7 faiz artırıb

Odlar.media xəbər verir ki, 2026-cı ilin yanvar–iyun aylarında Azərbaycan Gürcüstandan ümumi dəyəri 76,9 milyon ABŞ dolları olan yerli istehsal məhsulu idxal edib.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın Gürcüstan məhsullarının idxalı 10,7 faiz artıb. Azərbaycan 3,2 faizlik payla Gürcüstanın yerli istehsal məhsulları üzrə əsas ixrac tərəfdaşları arasında yeddinci yerdə qərarlaşıb.
Hesabata əsasən, 2026-cı ilin ilk altı ayında Gürcüstandan ixrac olunan yerli məhsulların ümumi dəyəri 3,87 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 20 faiz çoxdur.
Gürcüstanın ən çox ixrac etdiyi yerli məhsullar sırasında neft və neft yağları, qiymətli metal filizləri və konsentratları, ferroərintilər, mis filizləri və konsentratları, təzə üzüm şərabı, təbii və süni mineral sular, qazlı sular, spirtli içkilər, azot gübrələri, həmçinin emal edilməmiş və ya yarımemal edilmiş qızıl yer alır.