🌐 Keçmişin izi, gələcəyin sözü
22 İyul 2026, saat 05:41   •   🌡️ Bakı

Hər misrası bir etiraf… Südabə Sərvidən təsirli şeir

TƏNHA QADINA

Yalqizliq didir ömrünü,
Qismətin acı göz yaşı.
Ürəyinə narın-narın,
Səpilir payız yağışı.
Bilmirsən, vaxt keçir necə,
Tənhasan yenə bu gecə.

Dörd divardı, bir də sənsən,
Boğulursan qəm selində.
Heç kim bilmir, nə çəkirsən,
Canın hicranın əlində.
Qəm köynəyi biçə-biçə,
Tənhasan yenə bu gecə.

Zülmət,qaranlıq gecənə,
Bir göz işıq salanın yox.
Təkcə dərd döyür qapını,
Ondan başqa gələnin yox.
Hicran meyi içə-içə,
Tənhasan yenə bu gecə.

Düz oturub, düz dursan da,
Qınağısan dostun, yadın.
Hərə bir suç arar səndə,
Çünki adın tənha qadın.
Tale də səndən yan keçər,
Tənhasan yenə bu gecə.

Sirdaşın, dərddaşın gecə,
Yarın tək deyil şəfasız.
Çıxıb getsə, yenə gələr,
Amma gəlməz o vəfasız.
Qismətini seçə-seçə,
Tənhasan yenə bu gecə.

Müəllif: Südabə SƏRVİ

Mənbə: Odlar.media