🌐 Keçmişin izi, gələcəyin sözü
22 İyul 2026, saat 06:59   •   🌡️ Bakı

Şair, aktyor və qiraətçi Reşat Kəsəmənli bu gün doğum gününü qeyd edir

Bu gün Azərbaycan ədəbi-mədəni mühitinin tanınmış simalarından olan şair, aktyor və qiraətçi Reşat Kəsəmənlinin doğum günüdür.
Ömrünü sözə, sənətə və milli-mənəvi dəyərlərin təbliğinə həsr edən Reşat Kəsəmənli illərdir ki, qələmə aldığı duyğulu şeirləri, səhnədə yaratdığı yaddaqalan obrazlar və özünəməxsus qiraət üslubu ilə oxucuların və tamaşaçıların rəğbətini qazanıb. Onun poetik nümunələrində Vətən sevgisi, insanın daxili aləmi, məhəbbət, sədaqət, həyatın fəlsəfəsi və milli-mənəvi dəyərlər xüsusi həssaslıqla ifadə olunur. Səmimi və axıcı üslubu, ürəklərə yol tapan misraları Reşat Kəsəmənli yaradıcılığının əsas xüsusiyyətlərindəndir.
Qiraətçi kimi səsləndirdiyi şeirlər də dinləyicilərə sözün ruhunu və müəllif duyğularını bütün çalarları ilə çatdırır. Onun ifasında səslənən poeziya nümunələri təkcə bədii qiraət deyil, həm də sənətə və sözə olan dərin ehtiramın təcəssümü kimi dəyərləndirilir.

Odlar.media kollektivi olaraq dəyərli söz adamı Reşat Kəsəmənlini doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun və mənalı ömür, tükənməz yaradıcılıq enerjisi, yeni poetik uğurlar, səhnə nailiyyətləri və qəlbindən süzülən misraların daim oxucuların sevgisi ilə qarşılanmasını arzulayırıq.
Qələminiz daim yazsın, sözünüz yaşayaraq yeni nəsillərə çatsın, yaradıcılığınız isə Azərbaycan ədəbiyyatına və mədəniyyətinə yeni dəyərlər qazandırmaqda davam etsin.
Doğum gününüz mübarək olsun, dəyərli Reşat Kəsəmənli! Yeni yaşınız uğurlu, bərəkətli və ilham dolu olsun.

 

MƏN ÖLÜMÜ SEVMƏYƏ BAŞLAYIRAM

 

Ümidlərim boşa çıxıb söndükcə,
Mən bəxtimin yolunu daşlayıram.
Bu dünyada haqsızlığı gördükcə,
… Mən ölümü sevməyə başlayıram.

Yaşadıqca ömrüm düşür yumağa,
Bu cahanın unudulmuş daşıyam.
Alışdıqca gözlərim ağlamağa,
Mən ölümü sevməyə başlayıram.

Ayılmaqçün kabus dolu röyadan
Mən hər gecə ALLAHA yalvarıram.
Sevdiklərim köç etdikcə dünyadan,
Mən ölümü sevməyə başlayıram.

Nağıl dolu qoynuna baş qoymaqçün,
Nənəmin həsrətiylə yaşayıram.
Darıxdıqca atamın qucağıyçün,
Mən ölümü sevməyə başlayıram.

Yaxşısını yamanına satdıqca,
Halalını haramına qatdıqca,
O dünyada gözləyənim artdıqca,
Mən ölümü sevməyə başlayıram.

Sevgilimlə vidalaşıb gedəcəm,
Mən yarıma bir xəyanət edıcəm,
Elçi düşüb əzrayıla deyəcəm,
Mən ölümü sevməyə başlayıram.

Qismətimiz bir gün sevinc,bir gün qəm,
Bir də istəmirəm dünyaya gələm,
Vəfasız dünyadan yazdıqca qələm,
Mən ölümü sevməyə başlayıram…

 

Yad olan qollarda üşüyəcəyik

 

Ayırır bizləri hər keçən zaman,
Ayrı yuvalarda dərd çəkəcəyik.
Üzümüzü göz yaşı isitdiyi an,
Yad olan qollarda üşüyəcəyik.

Gülən gözlərimiz yaş gətirəcək,
Titrək əlimizlə gizləyəcəyik.
Gələn hər bir sevgi qış gətirəcək,
Yad olan qollarda üşüyəcəyik.

Küsülü də olduq, hicran dadmadıq,
Neçə payız gördük, yenə solmadıq.
Soyuq gecələrdə qaldıq, donmadıq,
Yad olan qollarda üşüyəcəyik.

İkimiz bir şamıq, sapı sevgimiz,
Möhkəm də sarılsaq, əriyəcəyik.
Nə qədər isti də olsa evimiz,
Yad olan qollarda üşüyəcəyik.

Oyuncağı alınmış bir uşaq kimi,
Özgəylə görərsək, kövrələcəyik.
Ünvanı səhv düşmüş çiçəklər kimi,
Yad olan qollarda üşüyəcəyik.

 

Mənbə: Odlar.media