Bu gün müasir Azərbaycan poeziyasının özünəməxsus səsi, zərif duyğuları, dərin həyat fəlsəfəsi və səmimi misraları ilə oxucuların rəğbətini qazanan dəyərli şairə Aidə Adıgözəlin doğum günüdür.
Odlar.media saytının rəhbərliyi və kollektivi olaraq Aidə xanımı bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, tükənməz yaradıcılıq enerjisi və yeni-yeni uğurlar arzulayırıq.
Şair üçün ən böyük sərvət onun qəlbində daşıdığı sözdür. Aidə Adıgözəlin qələmindən süzülən misralar sevginin, vətən duyğusunun, insanın daxili aləminin, həyatın sevinc və kədərinin poetik ifadəsinə çevrilərək oxucuların könlündə özünə xüsusi yer qazanıb. Onun poeziyası səmimiyyəti, duyğu zənginliyi və mənəvi dəyərlərə bağlılığı ilə seçilir.
Hər bir yaradıcı insanın ömrü yazdığı əsərlərlə ölçülür. Aidə Adıgözəl də qələmə aldığı şeirlər vasitəsilə oxucularına ümid, sevgi və düşüncə bəxş edən söz adamlarından biridir. İnanırıq ki, onun yaradıcılıq yolu bundan sonra da yeni poetik nümunələrlə zənginləşəcək, oxucularını sevindirəcək və Azərbaycan ədəbiyyatına yeni töhfələr qazandıracaq.
Doğum günü münasibətilə Aidə xanıma həyatının hər gününün bahar təravətli, qəlbinin daim ilhamla dolu, qələminin isə heç vaxt susmamasını arzulayırıq. Arzu edirik ki, yazdığı hər misra oxucuların qəlbinə yol tapsın, hər yeni əsəri ona daha böyük uğurlar və rəğbət qazandırsın.
Hörmətli Aidə xanım!
Sizə sağlamlıq, xoşbəxtlik, ailənizlə birlikdə uzun və mənalı ömür, yaradıcılığınızda isə daim zirvələr fəth etməyi arzulayırıq. Sözünüz həmişə uca, qələminiz iti, yolunuz işıqlı olsun.
Doğum gününüz mübarək! 🌹
Odlar.media-nın rəhbərliyi və kollektivi.
Ölümdən sonrası
Bilirsən, necə olur gələnlərin getməsi?
Gəl, öyrədəcəm sənə gecənin sükut səsin…
İçində sınan şüşə, qanadan qırıqların,
üstünə uçan divar, qapı-pəncərələrin.
Gəl, öyrədəcəm sənə özünlə danışmağı,
yumursan gözlərini, gözünün içində O!
Haransa ağrı verir, əlinlə axtarırsan,
hə, sən demə buraymış, sancan zəhrimar o sol…
Sonra… sonrası heç nə! Üzündə acı gülüş,
bir azca göz yaşları, divara baş döymələr.
– “Axmağın yekəsisən, dəlinin də zır təki”, –
özünə yağdırdığın ən yeddiqat söymələr.
Beləcə keçir günlər, beləcə sağalırsan,
öyrəşirsən hər gecə daş-divara dönməyi.
Üstündən keçir gedir milyon kainat ili,
göylərdən öyrənirsən ulduz kimi sönməyi.
Bax, yeri belə olur gələnlərin getməsi.
Sönmüş vulkan ocağı, sunami yumuş şəhər…
Üst-üstə qalaqlanmış çürümüş xatirələr,
zəlzələlər uçurmuş minillk sərdabələr…
Durnam
Qanadı qırılmış yaralı durnam
Məndən uzaqlarda, oralı durnam.
Səndən xəbərim yox xeyli zamandır,
ümid yox! Kimlərə soralı durnam.
Deyir yaraları sagaldır zaman,
qalmadı ovunum təsəlli filan.
Yolun gedərgəlməz, dönüşün yalan,
gözüm yollarında saralı durnam.
Vidalar doğulur ayrılıqlardan,
vidalar yoğrulur göz yaşlarından.
Gedişin ömrümü dəyişdi yaman,
günüm gecəm təki qaralı durnam.
Gözüm qara bulud, icimdə tufan,
qışım başlamamış haqladı boran.
Ocaqsız yanıram atəşdə aman,
saçımı küləklər daralı durnam.
Aldanmış kəvakiblər”
Deyirlər nə yazırsan qəm tökülür sözündən,
kənardan baxanlara döyüş necə də asan.
Gir mən duran səngərə, vuruş mənim yerimə,
“asta qaçan namərddir” – deyib çoxdan qaçarsan.
Əlli il əsir düşdüm ömrün qoşunlarına,
çıxıb gedə bilmədim solumdakı körpüdən.
Cığırlar eyni yola, uçuq istehkamlara,
qaçıb gizlənəmmədim göydən yağan mərmidən.
Əkdiyim ümidlərə ürəyimdən su verdim,
dişimlə kotan çəkdim, dırnağımla qaşıdım.
Arzu quyularıma çığır saldım gözümdən,
gün gələr dolar deyə xəlbirlə su daşıdım.
Qapqara saçlarımdan dərd hördüm hörük hörük,
min cürə rəng boyadım, xınasın, bənövşəsin.
Ağ dənlər sünbül sünbül tale kirkirəsində,
ayna, günümü ağart, saçım ağ görünməsin…
Mənbə: Odlar.media
