🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 09:08   •   🌡️ Bakı

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib

Odlar.media xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının professoru, tarix elmləri doktoru Əmrah Dadaşov vəfat edib.
Bu barədə universitetdən məlumat verilib.
Bildirilib ki, Əmrah Dadaşov 1939-cu ildə Bakının Balaxanı qəsəbəsində anadan olub. O, 1967–1973-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb və elə tələbəlik illərindən universitetdə əmək fəaliyyətinə başlayıb. 1981-ci ildən etibarən Qədim dünya və orta əsrlər tarixi kafedrasında çalışan alim uzun illər fakültənin qiyabi təhsil üzrə dekan müavini vəzifəsini də icra edib.
Professor 1986-cı ildə “Azərbaycan ərazisində paleometal dövründə əkinçilik istehsalı” mövzusunda namizədlik, 2004-cü ildə isə “Azərbaycan ərazisində paleometal dövrü cəmiyyətlərinin əkinçilik-maldarlıq iqtisadiyyatı” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. O, 2006-cı ildə professor elmi adına layiq görülüb.
Əmrah Dadaşov 100-dən çox elmi məqalə, monoqrafiya və dərs vəsaitinin müəllifi olub. Onun əsas elmi tədqiqat istiqaməti paleometal dövründə əkinçilik və maldarlıq iqtisadiyyatının araşdırılması idi. Alim bu sahədə apardığı tədqiqatlarla Azərbaycan ərazisindəki paleometal dövrü abidələrinin və Urmiyayanı bölgənin yaşayış məskənlərinin öyrənilməsinə mühüm töhfələr verib.
Bakı Dövlət Universitetinin rəhbərliyi və kollektivi professor Əmrah Dadaşovun vəfatından kədərləndiyini bildirərək, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.