Odlar.media xəbər verir ki, Hörmüz boğazında iki neft tankerinin partladığı bildirilir.
Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat yayıb.
SEPAH-ın yaydığı bəyanata əsasən, tankerlər ABŞ ordusunun təhriki və təzyiqi nəticəsində Hörmüz boğazının cənub hissəsində təhlükəli marşrutla hərəkət etməyə cəhd göstərərkən partlayış baş verib. Hadisə nəticəsində gəmilər hərəkət qabiliyyətini itirib.
Bəyanatda ABŞ hərbi qüvvələrinin bölgədə mövcudluğunun heç bir hüquqi əsası olmadığı iddia edilərək, buna qəti şəkildə cavab veriləcəyi vurğulanıb.
SEPAH həmçinin bəyan edib ki, ABŞ-ın bölgədəki qanunsuz fəaliyyətləri davam etdiyi müddətdə Hörmüz boğazından hətta kimyəvi gübrə, eləcə də neft və qaz daşınmasının təhlükəsizliyinə təminat verilə bilməz.
Qurum ABŞ ordusunu “qanunsuz pozuntuya görə cəza əməliyyatına hazır olmağa” çağırıb.
Qeyd edək ki, təqdim olunan məlumat SEPAH-ın rəsmi bəyanatına əsaslanır və hadisənin səbəbləri ilə bağlı müstəqil təsdiq hələlik açıqlanmayıb.
