🌐 Keçmişin izi, gələcəyin sözü
18 İyul 2026, saat 16:44   •   🌡️ Bakı

Gürcüstandan xaricə göndərilən pul köçürmələrində Azərbaycan ilk sıradadır

Odlar.media xəbər verir ki, 2026-cı ilin ilk yarısında Gürcüstandan xaricə göndərilən pul köçürmələrinin ən böyük hissəsi Azərbaycanın payına düşüb.
Gürcüstan Milli Bankının məlumatına əsasən, yanvar–iyun aylarında ölkədən xaricə ümumilikdə 212,8 milyon ABŞ dolları həcmində vəsait köçürülüb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 111,7 faiz artıb.
Hesabat dövründə Gürcüstandan Azərbaycana 36,5 milyon ABŞ dolları göndərilib. Bu isə illik müqayisədə 75,3 faiz artım deməkdir. Beləliklə, Azərbaycan Gürcüstandan ən çox pul köçürməsi həyata keçirilən ölkə olub.
Siyahıda ikinci yeri 33,8 milyon dollar ilə Türkiyə, üçüncü yeri isə 26,1 milyon dollar ilə Rusiya tutub.
Məlumata görə, 2026-cı ilin ilk altı ayında Gürcüstana xaricdən daxil olan pul köçürmələrinin həcmi də artaraq 1,9 milyard ABŞ dollarına çatıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz çoxdur.
Təkcə iyun ayında Gürcüstana daxil olan pul köçürmələri illik müqayisədə 10,4 faiz artaraq 348,26 milyon ABŞ dolları təşkil edib. Ən böyük köçürmə mənbəyi 66,2 milyon dollar ilə ABŞ olub. Sonrakı yerlərdə 54,18 milyon dollar ilə İtaliya və 51,42 milyon dollar ilə Rusiya qərarlaşıb.
Mütəxəssislərin fikrincə, Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlığın, ticarət dövriyyəsinin və əmək miqrasiyasının genişlənməsi iki ölkə arasında maliyyə axınlarının artmasına müsbət təsir göstərir.