🌐 Keçmişin izi, gələcəyin sözü
18 İyul 2026, saat 16:47   •   🌡️ Bakı

Mütəxəssis: Xəzərdə suyun çəkilməsi boğulma riskini artırır

Odlar.media xəbər verir ki, Bakı Dövlət Universitetinin Hidrogeologiya və mühəndis geologiyası kafedrasının baş müəllimi Allahverdi Tağıyev Xəzər dənizində suyun çəkilməsinin çimərliklərdə boğulma riskini artırdığını bildirib.
Mütəxəssisin sözlərinə görə, hazırda insanların suya daxil olduğu bəzi sahələr bir neçə il əvvəl dənizin daha dərin hissələri hesab olunurdu. O qeyd edib ki, son dövrlərdə dənizə girən şəxslərin qəfil dərinliyə düşməsi halları məhz Xəzər dənizində su səviyyəsinin azalması ilə əlaqədardır.
Allahverdi Tağıyev vurğulayıb ki, boğulma hadisələrinin baş verməsində təkcə insan amili və hava şəraiti deyil, həmçinin dəniz dibinin geoloji quruluşu, sahilboyu relyef və hidrodinamik proseslər də mühüm rol oynayır.
Onun sözlərinə görə, Bilgəh və Mərdəkan ərazilərində dəniz dibində yaranan çökəkliklər, eləcə də Novxanı çimərliyində müşahidə olunan qəfil dərinləşmələr çimərliklərdə təhlükə yaradan əsas amillər sırasındadır.
Mütəxəssis vətəndaşlara yalnız nəzarət olunan çimərliklərdə çimməyi, xəbərdarlıq nişanlarına əməl etməyi və təhlükəli hesab edilən sahələrdən uzaq durmağı tövsiyə edib.