Odlar.media xəbər verir ki, Ukrayna Müdafiə Qüvvələri Luqansk vilayətinin Rusiyanın nəzarətində olan ərazisində, Sabovka yaxınlığında Belaya çayı üzərində yerləşən dəmir yolu körpüsünə zərbə endirdiyini açıqlayıb.
Ukrayna Müdafiə Qüvvələrinin teleqram kanalında yayılan məlumata görə, iyulun 18-nə keçən gecə Rusiya ərazisində və Ukraynanın müvəqqəti işğal olunmuş bölgələrində yerləşən bir sıra hərbi və hərbi-logistika obyektlərinə hücumlar həyata keçirilib.
Bildirilib ki, Moskva vilayətinin Noqinsk şəhərində yerləşən “Nafto-Servis” neft bazası da hədəfə alınıb. Məlumata əsasən, zərbədən sonra obyektdə yanğın baş verib.
Ukrayna tərəfi həmçinin Azov və Qara dəniz akvatoriyalarında iki tanker, iki kran və bir yedək gəmisinin vurulduğunu iddia edib.
Açıqlamada əlavə olunub ki, Kerç şəhəri yaxınlığında 10410 “Svetlyak” layihəsinə aid gözətçi gəmisi də zərbə nəticəsində sıradan çıxarılıb. Ukrayna hərbi rəhbərliyi bunun son iki gün ərzində həmin layihəyə məxsus vurulan ikinci gəmi olduğunu bildirib.
Rusiya tərəfi isə yayılan məlumatlarla bağlı hələlik rəsmi açıqlama verməyib və iddiaları müstəqil mənbələr vasitəsilə təsdiqləmək mümkün olmayıb.
