🌐 Keçmişin izi, gələcəyin sözü
18 İyul 2026, saat 16:10   •   🌡️ Bakı

Almaniya təhlükəsizlik təhdidi səviyyəsini “yüksək”ə qaldırıb

Odlar.media xəbər verir ki, Almaniyada artan həyəcan siqnalları və kəşfiyyat məlumatları fonunda ölkə üzrə təhlükəsizlik təhdidi səviyyəsi “abstrakt”dan “yüksək”ə qaldırılıb.
Bu barədə Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt “Welt am Sonntag” qəzetinə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, Almaniyaya qarşı mümkün hücum riskini hər an nəzərə almaq lazımdır. O qeyd edib ki, ölkəyə yönəlmiş hücum planları getdikcə daha konkret xarakter alır.
Aleksander Dobrindt bildirib ki, potensial təhdidlər infrastruktur obyektlərini, ayrı-ayrı şəxsləri, dövlət qurumlarını və ictimai obyektləri hədəf ala bilər.
Almaniyanın Daxili İşlər Nazirliyi təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı əlavə təfərrüatlar açıqlamayıb.
Qeyd edək ki, son illərdə Almaniyada bir sıra səs-küylü hücumlar qeydə alınıb. Ötən ay Səudiyyə Ərəbistanı vətəndaşı olan bir həkim Maqdeburq şəhərində Milad yarmarkasına gələn insanların üzərinə avtomobil sürərək hücum etdiyi üçün ömürlük azadlıqdan məhrum edilib. Bundan başqa, ötən il Almaniya məhkəməsi Suriya vətəndaşını Zolingen şəhərində keçirilən festival zamanı bıçaqlı hücum törətməkdə təqsirli bilib. İstintaqın nəticələrinə əsasən, həmin şəxs İŞİD terror təşkilatının ideologiyasının təsiri altında hərəkət edib.