🌐 Keçmişin izi, gələcəyin sözü
17 İyul 2026, saat 14:07   •   🌡️ Bakı

Arıq insanlarda alkoqol erkən ölüm riskini daha çox artırır

Odlar.media xəbər verir ki, ABŞ alimlərinin apardıqları yeni araşdırma bədən çəkisinin normadan az olmasının alkoqoldan sui-istifadə edən insanlarda sağlamlıq riskini əhəmiyyətli dərəcədə artırdığını ortaya qoyub.
Tədqiqat Pensilvaniya Universitetinin və ABŞ-ın digər elmi mərkəzlərinin alimləri tərəfindən həyata keçirilib. Araşdırmanın nəticələri nüfuzlu Drug and Alcohol Dependence jurnalında dərc olunub.
Alimlər 2001–2011-ci illər ərzində toplanmış, yaşı 35-85 arasında dəyişən 200 mindən çox ABŞ vətəndaşının məlumatlarını təhlil ediblər. İştirakçılar bədən kütlə indeksi (BKİ) əsasında qruplara bölünüb və ölüm göstəriciləri bədən çəkisi ilə alkoqol istehlakı səviyyəsinə görə müqayisə olunub.
Araşdırma nəticəsində məlum olub ki, artıq çəkili və alkoqoldan həddindən artıq istifadə edən şəxslərdə ürək-damar xəstəlikləri, xərçəng və digər səbəblərdən ölüm riski normal bədən çəkisinə malik, alkoqolu normada qəbul edən insanlarla müqayisədə təxminən 16 faiz yüksəkdir.
Bununla yanaşı, ən yüksək risk bədən kütlə indeksi 18,5-dən aşağı olan, yəni çəkisi normadan az şəxslərdə qeydə alınıb. Bu qrupda alkoqoldan müntəzəm sui-istifadə edənlərin vaxtından əvvəl ölmə ehtimalının normal çəkili insanlarla müqayisədə təxminən 2,5 dəfə çox olduğu müəyyən edilib.
Tədqiqat müəllifləri bildiriblər ki, əvvəlcədən piylənmə ilə alkoqolun yaratdığı ölüm riski arasında daha güclü əlaqə gözlənilsə də, əldə olunan nəticələr ən böyük təhlükənin arıq insanlarda müşahidə edildiyini göstərib.
Alimlərin fikrincə, bunun dəqiq səbəbləri hələ tam aydın deyil. Ehtimal olunur ki, bədən çəkisi az olan şəxslərdə qida maddələrinin çatışmazlığı daha çox rast gəlindiyindən alkoqolun orqanizmə toksik təsiri güclənə bilər.
Mütəxəssislər qeyd edirlər ki, bu nəticələrin təsdiqlənməsi üçün əlavə elmi araşdırmalara ehtiyac var. Bununla belə, onlar həkimlərə alkoqolun sağlamlığa təsirini qiymətləndirərkən yalnız qəbul edilən spirtin miqdarını deyil, pasiyentin bədən çəkisini də nəzərə almağı tövsiyə edirlər.