Odlar.media xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli iyulun 17-də Şuşa şəhərində vətəndaş qəbulu keçirib.
Mədəniyyət Nazirliyinin yaydığı məlumata görə, qəbul Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin inzibati binasında baş tutub. Görüşdə doğma yurdlarına qayıtmış Şuşa sakinləri müraciət və təkliflərini nazirin diqqətinə çatdırıblar.
Bildirilib ki, vətəndaşların müraciətləri əsasən məşğulluq, iş yerinin dəyişdirilməsi, maddi-texniki təminatın yaxşılaşdırılması, əməyin qiymətləndirilməsi, mədəniyyət sahəsinə dair təkliflər və digər məsələləri əhatə edib.
Adil Kərimli qaldırılan bütün məsələlərin operativ araşdırılacağını və qanunvericiliyin tələblərinə uyğun şəkildə həlli istiqamətində müvafiq addımların atılacağını bildirib.
Qəbul zamanı şəhid ailələri və qazilərin müraciətlərinə də xüsusi diqqət yetirilib. Nazir bu kateqoriyadan olan vətəndaşların qaldırdığı məsələlərin obyektiv araşdırılması və həlli ilə bağlı nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verib.
