🌐 Keçmişin izi, gələcəyin sözü
13 İyul 2026, saat 19:02   •   🌡️ Bakı

Avropada ağcaqanadların yaydığı ölümcül viruslar sürətlə yayılır

Odlar.media xəbər verir ki, Avropanın bir sıra məşhur turizm ölkələrində ağcaqanadların yaydığı təhlükəli viruslara yoluxma halları artmaqdadır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu infeksiyalar bəzi hallarda sinir sistemini zədələyərək iflic, beyin iltihabı və hətta ölümlə nəticələnə bilər.
Məlumata görə, riskin yüksək olduğu ölkələr sırasında İtaliya, Fransa, İspaniya, Portuqaliya, Yunanıstan, Rumıniya və Şimali Makedoniya yer alır. Həkimlər bildirirlər ki, son vaxtlar müşahidə olunan anomal isti hava şəraiti ağcaqanadların sürətlə çoxalmasına əlverişli şərait yaradıb.
Hazırda ən çox narahatlıq doğuran infeksiyalar Qərbi Nil virusu, denge qızdırması və çikunqunya qızdırmasıdır. Əksər yoluxma hallarında xəstəlik yüngül keçsə də, bəzi insanlarda meningit, ensefalit, beyin zədələnməsi, güclü oynaq ağrıları, görmə pozğunluğu, iflic və ölüm kimi ağır fəsadlar yarana bilər.
Xüsusilə Qərbi Nil virusu ilə bağlı vəziyyət ciddi narahatlıq doğurur. Avropa mətbuatının məlumatına görə, təkcə İtaliyada cari mövsümdə bu virus səbəbindən onlarla ölüm halı qeydə alınıb.
Barselonada fəaliyyət göstərən professor Reyçel Lou bildirib ki, iqlim dəyişikliyi və qlobal istiləşmə xəstəlik daşıyan ağcaqanadların yeni ərazilərə yayılmasını sürətləndirir. Onun sözlərinə görə, malyariya, denge və digər infeksiyaları yayan həşəratlar əvvəllər müşahidə edilməyən bölgələrdə də yayılmağa başlayıb ki, bu da həmin ərazilərdə yaşayan insanlar üçün riski artırır.
Mütəxəssislər yay mövsümündə səyahət edən şəxslərə ağcaqanad sancmalarından qorunmaq üçün repelentlərdən istifadə etməyi, axşam saatlarında uzunqollu geyimlər geyinməyi, pəncərə və qapılarda torlardan istifadə etməyi, həmçinin durğun su olan ərazilərdən uzaq durmağı tövsiyə edirlər.
Həkimlər vurğulayırlar ki, səyahətdən sonra yüksək hərarət, güclü baş ağrısı, dəri səpgisi və ya oynaq ağrıları yaranarsa, vaxt itirmədən həkimə müraciət edilməlidir. Erkən diaqnoz ağır fəsadların qarşısının alınmasında mühüm əhəmiyyət daşıyır.