🌐 Keçmişin izi, gələcəyin sözü
13 İyul 2026, saat 19:00   •   🌡️ Bakı

Bakı Ali Neft Məktəbində 10-cu Məzun Günü keçirildi

Odlar.media xəbər verir ki, Bakının Gülüstan Sarayında SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 10-cu Məzun Günü keçirilib.
Tədbirdə çıxış edən BANM-in rektoru Elmar Qasımov məzunları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O bildirib ki, ali məktəbdə qazandıqları bilik və bacarıqlar məzunların peşəkar kadr kimi əmək fəaliyyətinə başlamasına və ya dünyanın nüfuzlu universitetlərində təhsillərini davam etdirməsinə imkan yaradıb.
SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva çıxışında BANM-in fəaliyyətə başladığı gündən yüksəkixtisaslı mütəxəssislər hazırlamaq missiyasını uğurla yerinə yetirdiyini vurğulayıb və məzunları təbrik edib.
Tədbirdə elm və təhsil nazirinin müavini İdris İsayev, Özbəkistanın Daşkənd Kimya Texnologiyası İnstitutunun rektoru Botir Usmonov, eləcə də məzunlar adından çıxış edən tələbələr gələcək fəaliyyətlə bağlı fikirlərini bölüşüblər.
Mərasimdə 2026-cı il məzun buraxılışının birincisi – “İlin tələbəsi”, İnformasiya təhlükəsizliyi ixtisasının məzunu Gülay Nəzərova adını BANM-in Fəxri kötüyünə həkk edib. Daha sonra məzunlara diplomlar təqdim olunub və tədbir bədii proqramla davam edib.
Bu il Bakı Ali Neft Məktəbindən bakalavriat səviyyəsi üzrə 218, magistratura səviyyəsi üzrə isə 189 nəfər olmaqla ümumilikdə 407 tələbə məzun olur. Onlardan 59 bakalavr və 28 magistr fərqlənmə diplomuna layiq görülüb.
Həmçinin bu il Biznesin idarə edilməsi və Kompüter mühəndisliyi ixtisasları üzrə ilk məzun buraxılışı həyata keçirilib. İlk dəfə olaraq Özbəkistanın Daşkənd Kimya Texnologiyası İnstitutu və Buxara Dövlət Texniki Universiteti ilə birgə ikili diplom proqramı çərçivəsində magistratura səviyyəsini bitirən 16 özbəkistanlı tələbə də məzun olub.
Builki məzunlar arasında Özbəkistan, Rusiya, Somali, Yəmən, Gürcüstan, Banqladeş və Qazaxıstandan olan ümumilikdə 23 xarici tələbə də yer alıb.