🌐 Keçmişin izi, gələcəyin sözü
13 İyul 2026, saat 18:22   •   🌡️ Bakı

Prezident: “Azərbaycanı istəməyən qüvvələr heç vaxt dayanmayacaq”

Odlar.media xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanı istəməyən qüvvələrin ölkəyə qarşı fəaliyyətinin heç vaxt dayanmayacağını bildirib.
Dövlət başçısı bu fikirləri Şuşada keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda çıxışı zamanı səsləndirib.
Prezident qeyd edib ki, dünya sürətlə dəyişir, yeni təhdidlər və təxribatlar meydana çıxır. Onun sözlərinə görə, Azərbaycanın milli maraqlarını, müstəqilliyini və milli kimliyini qorumaq üçün mübarizə davamlı olmalıdır.
İlham Əliyev vurğulayıb ki, bəzi ölkələr təhlükəsizliklərini başqa güclərin himayəsində axtarsalar da, sonda böyük geosiyasi oyunların qurbanına çevrilirlər. O bildirib ki, Azərbaycan xalqı işğalın, dağıntının, zəfərin və bərpa prosesinin şahidi olub və bu təcrübə gələcək üçün mühüm dərslər verib.
Dövlət başçısı milli kimlik və milli ləyaqətin hər şeydən üstün tutulmasının vacibliyini qeyd edərək bildirib ki, gənc nəsil vətənə bağlı, iradəli və güclü yetişməlidir ki, Azərbaycan gələcəkdə də inkişafını davam etdirsin.