Odlar.media xəbər verir ki, Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən fərdi yaşayış evindən 19 min 590 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxs məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilib.
Məhkəmə materiallarına əsasən, hadisə 2026-cı ilin iyun ayında baş verib. Təqsirləndirilən şəxs axşam saatlarında evin hamam otağının kiçik nəfəsliyinin pəncərəsini sındıraraq mənzilə qanunsuz daxil olub və ümumi dəyəri 19 min 590 manat olan qızıl-zinət əşyalarını oğurlayaraq hadisə yerindən uzaqlaşıb.
Oğurlanan əşyalar arasında müxtəlif çəkidə boyunbağılar, bilərziklər və qızıl üzüklər olub. Hadisə nəticəsində zərərçəkmişə xeyli miqdarda maddi ziyan dəyib.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs əməlini etiraf edərək oğurladığı qızılları Bakının Əcəmi və Nərimanov ərazilərində yerləşən üç müxtəlif yerdə ümumilikdə 7 min 300 manata satdığını bildirib. O, saxlanıldıqdan sonra zərərçəkmişə əvvəlcə 2 min 500 manat ödənildiyini, sonradan isə əlavə 11 min manatın da ödənilməsinin təklif olunduğunu, lakin zərərçəkmişin bunu qəbul etmədiyini deyib.
Zərərçəkmiş ifadəsində hadisə zamanı ailəsi ilə birlikdə rayonda olduğunu, evə qayıtdıqda hamam otağının nəfəsliyinin sındırıldığını, otaqların dağıdıldığını və qızıl-zinət əşyalarının oğurlandığını gördüyünü bildirib. O, təqsirləndirilən şəxsin yaxın qohumu olduğunu qeyd edərək, buna baxmayaraq onun cəzalandırılmasını istədiyini vurğulayıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib.
