🌐 Keçmişin izi, gələcəyin sözü
13 İyul 2026, saat 12:42   •   🌡️ Bakı

İlham Əliyev: Fransanın daxili işlərinə qarışmırıq

Odlar.media xəbər verir ki, Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı Azərbaycanın Fransanın daxili işlərinə qarışmadığını, insan hüquqlarının isə universal dəyər olduğunu bildirib.
Dövlət başçısı xatırladıb ki, Azərbaycan Avropa Şurasına üzv qəbul olunarkən insan hüquqlarının heç bir ölkənin daxili işi hesab edilmədiyi vurğulanırdı. Onun sözlərinə görə, Bakı Təşəbbüs Qrupunun müstəmləkəçilik, kolonial idarəçilik və insan hüquqları ilə bağlı məsələləri beynəlxalq gündəmə çıxarması isə əsassız olaraq Fransanın daxili işlərinə müdaxilə kimi təqdim edilir.
Prezident qeyd edib ki, Bakı Təşəbbüs Qrupu Yeni Kaledoniya, Fransa Polineziyası, Martinika və digər dənizaşırı ərazilərdə baş verən hadisələri, o cümlədən nüvə sınaqlarının nəticələrini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Onun sözlərinə görə, bu fəaliyyətə görə təşkilatın tədbirlərində iştirak edən bəzi şəxslər müxtəlif ölkələrdə təzyiqlərə və hətta həbslərə məruz qalıblar.
İlham Əliyev bildirib ki, müstəqil media müstəmləkəçiliyə qarşı mübarizədə mühüm rol oynamalı, bu mövzuların beynəlxalq informasiya məkanında işıqlandırılmasına töhfə verməlidir.
Dövlət başçısı vurğulayıb ki, XXI əsrdə minlərlə kilometr uzaqda yerləşən ərazilərin müstəmləkə kimi idarə olunması qəbuledilməzdir və həmin xalqların öz müqəddəratını təyin etmək hüququna hörmət edilməlidir.
Prezident Azərbaycanın da uzun illər müstəmləkə və sovet idarəçiliyi şəraitində yaşadığını xatırladaraq, ölkənin müstəqillik qazandıqdan sonra orta güc dövlətinə çevrildiyini və bunun müstəqilliyin ən böyük nailiyyəti olduğunu qeyd edib.
İlham Əliyev əlavə edib ki, Azərbaycan Yeni Kaledoniya, Fransa Polineziyası, Martinika və Sen-Martendə yaşayan xalqların azadlıq hüququnu dəstəkləyir. O, bunun Fransa ilə münasibətlərə qarşı yönəlmədiyini vurğulayaraq, hazırda Bakı ilə Paris arasında münasibətlərin normallaşdırılması istiqamətində prosesin davam etdiyini bildirib.
Prezidentin sözlərinə görə, suveren dövlətlərin bir-birini tənqid etməsi beynəlxalq münasibətlərin normal tərkib hissəsidir və heç bir dövlət digərinə öz iradəsini diktə edə bilməz.