Odlar.media xəbər verir ki, bu gündən IV Şuşa Qlobal Media Forumu öz işinə başlayır. Bu il forum “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunub.
İki gün davam edəcək tədbirdə dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edəcək. Forum çərçivəsində 30-a yaxın beynəlxalq informasiya agentliyi, 60-dan çox aparıcı media qurumu, həmçinin 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndəsi təmsil olunacaq.
Forumun proqramına medianın sülh quruculuğundakı rolu, sərhədlərarası media dialoqunun inkişafı və ictimai etimadın bərpası, dezinformasiya ilə mübarizədə beynəlxalq əməkdaşlıq, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin formalaşdırılması, eləcə də süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika kimi aktual mövzular üzrə panel müzakirələri, ikitərəfli görüşlər və interaktiv sessiyalar daxildir.
Qeyd edək ki, ilk Beynəlxalq Media Forumu 2022-ci ildə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda təşkil olunub. Sonrakı illərdə isə bu təşəbbüs Şuşa Qlobal Media Forumu formatında davam etdirilərək beynəlxalq media platformasına çevrilib.
